çərşənbə axşamı, 16 aprel 2024

BİZİM FUTBOL

Futbola sığmayan ömür: Əhməd Ələsgərov (1)

27.08.2016 09:01 Oxundu 1124

Onun adı bir vaxtlar Azərbaycanda dillər əzbəri idi. Yüz minlərələ azarkeş əslən azərbaycanlı olan, ancaq rusdilli mühitdə böyüdüyü və təhsil aldığı üçün müsahibləri ilə rus dilində danışmağa üstünlük verən bu böyük futbol mütəxəssisinin adı gələndə ayağa qalxar, onu alqışlayardılar. O, Azərbaycan futbolunun ən ağır günlərində yüz minlərlə idmansevərin arxası, dayağı, son ümid yeri idi. Dəfələrlə Azərbaycan futbolunu düşdüyü ağır vəziyyətdən xials etmək üçün ona müraciət etmişdilər. O isə tərəddüd etmədən hər dəfə çiyinlərini bu ağır və məsuliyyətli yükün altına verərək futbolumuzu düşdüyü ağır vəziyyətdən xilas edə, onu SSRİ-nin aparıcı futbol komandaları sırasına çıxarmağı bacarmışdı. Azərbaycan futbolu tarixində SSRİ çempionatında "Neftçi"yə bürünc medal qazandıran yeganə məşqçi də o oldu. Ötən əsrin 70-ci illərində "Neftçi" ağır dövrünü yaşayanda yenə də komandamızın köməyinə gələn o oldu. Onun rəhbərliyi altında Odessanın "Çernomorets" komandası SSRİ çempionatının bürünc medalını qazanaraq futbol tarixində daha bir şanlı səhifə yazdırdı. Sonralar o, oxşar uğurları digər komandalarla da davam etdirdi. O, ən zəif komandanı belə güclü futbol klubuna çevirməyi bacarırdı. Bunu rəhbərlik etdiyi "Nistru" Kişinyov, "Şerif" Tiraspol (Moldova), "Pamir" Düşənbə (Tacikistan) və "Araz" Naçıvan ( Azərbaycan) komandalarına rəhbərlik etdiyi dövrlərdə qazandığı uğurlar da bir daha sübut etdi. Bir sözlə, o, futbol dahisi idi və bəlkə də SSRİ dövründə onun qədər rəhbərlik etdiyi komandalara uğur qazandıra bilən ikinci məşqçi yox idi. O vaxt SRİ-nin məşhur məşqçilərindən olan Lobanocski, Kaçalin, Sevidov və digərlərinin heç biri bu məşhur futbol mütəxəsisis kimi ən zəif komandanı gülü komandaya çevirməyi bacarmamışdı. Adları çəkilən məşqçilərin hamısı ancaq komandalarında olan tanınmış futbol ulduzları ilə uğur qazana bilirdilər. Azərbaycanlı futbol mütəxəssisi isə zəif oyunçuları güclü oyunçulara çevirə, onlardan güclü komanda yarada bilir və bununla da özünün sağlığında dediyi kimi, yeni ulduzları ortaya çıxararaq futbol zirvəsinə gedən yolun qapılarını onların üzünə açırdı. O, 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasının sükanı arxasına keçib, milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb.

2005-2006-cı illərdə "Bakı" klubuna dəvət alan bu məşhur futbol mütəxəssisi klubda muşavir və vitse-prezident vəzifələrində çalışıb. Elə həmin mövsüm "Bakı" Azərbaycan çempionu titulunu qazanıb. "Bakı" futbol klubu bu böyük insanın baş məşqçilik karyerasında obrazlı şəkildə desək, oxuduğu son nəğmə oldu. Yenə də burada bir az obrazlı şəkldə desək qu quşunun ölümündən əvvəl oxuduğu son nəğməsi yada düşür. Bu nəğmə o qədər həsrət, həyat dolu, yanıqlı təsir bağışlayır ki, onun bu nəğməsini eşidənlər ömürlərinin sonlarına kimi bunu unuda bilmirlər. Bu baxımdan "Bakı" futbol klubunda birillik məşqçilik dövrü onun həyatında oxuduğu son nəğmə oldu, elə qu quşunun ölümündən əvvəl oxuduğu nəğmə kimi...

Ömrünün son illərinə yaxın keçmişi haqqında belə demişdi: "Mən həyatımı futbola həsr etmişəm və bu yolda çox əziyyətlər çəkmişəm. Amma həmişə işimdən zövq almışam. Bəzən mənə nələrdə isə iradlar tutublar, müxtəlif yollarla məni ruhdan salmağa çalışıblar. Ancaq ən ağır vaxtlarımda belə ruhdan düşməmşəm, özümə olan inamımı itirməmişəm. İşlədiyim, baş məşqçisi olduğum istənilən komandanın uğuru üçün əlimdən gələni etmşəm və buna görə hər yerdə hörmət qazanmışam. Bir vaxtlar məşqçisi olduğum şəhərlərin, respublikaların azarkeşləri idman ictimaiyyəti indi də məni xoş sözlərlə xatırlayır, oralara gedəndə mənə ehtiram və hörmət göstərir, qulluğumda dayanmağa çalşırlar. Bir baş məşqçi kimi bundan böyük şərəf və qürur ola bilməz. Mən həyatımla, futbol dünyamla fəxr edirəm".

SSRİ və ondan sonrakı dövrlərdə adını futbol tariximizə qızılı hərflərlə yazdıran bu böyük futbol mütəxəsisi isə Azərbaycan Lobanovskisi kimi tanınan məşhur futbol mütəxəssisi Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisi, Azərbaycan milli futbol komandasının ilk baş məşqçisi Əhməd Lətif oğlu Ələsgərovdur. Bəlkə də indiki gənc nəslə gənc futbolsevərlərə Əhməd Ələsgərov bir o qədər tanış deyil. Amma biz orta yaşlın nümayəndələri Əhməd Ələsgərovlə həmişə fəxr etmiş, "Neftçi" və Azərbaycan futbolu ağır günlərini yaşayanda: "Futbolumuzun xilası Əhməd Ələsgərovun Azərbaycana gətirilməsi, onun baş məşqçi təyin edilməsindədir", - deyə son ümid yeri kimi gözlərimizi ona çevirirdik.

O, 80 illik yubileyinə 5 ay qalmış, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Əhməd Lətif oğlu Ələsgərov Bakıda anadan olsa da, uzun illər, hələ SSRİ dövründən Odessada yaşayırdı. Odessa onun üçün ikinci Bakı, Ukrayna onun üçün ikinci Azərbaycan oldu, orada torpağa tapşırıldı. Onun dəfninə bütün Odessa gəlmişdi desək səhv etmərik. Üstündən illər ötsə də Odessa bir vaxtlar "Çernomorets"ə SSRİ çempionatında 3-cü yer, qazandıraraq ona yeni şöhrət qazandıran azərbaycanlı məşhur futbol mütəxəssisini unutmamışdı...

Şöhrətə aparan yol

Əhməd Lətif oğlu Ələsgərovun həyat yolu da özünəməxsus olub. 1935-ci il oktyabr ayının 10-da Bakıda anadan olub. Onun uşaqlıq illəri ağır bir dövrə təsadüf edib. 1941-ci ildə başlayan və 5 il davam edən müharibə balaca Əhmədin həmin dövrə xas olan bütün əzab əziyyətləri çəkməsi, aclığı, hər an şəhərin almanlar tərəfindən bombalanmasını gözləməsi və qorxu içində yaşaması şəraitində keçib. Müharibə illərinin olmasına baxmayaraq, balaca Əhməd o dövrdə Bakıda yaşayan əksər həmyaşıdları kimi futbola böyük maraq göstərirdi. Bu da onun gələcək həyatını müəyyən etməsində önəmli rol oynadı. Futbola olan böyük həvəsi onu 8 yaşında, 1943-cü ildə Razin qəsəbəsindəki (indiki Bakıxanov qəsəbəsi) Uşaq Futbol Məktəbinə gətirib çıxardı. O vaxt, yəni müharibənin ağır illərində balaca Əhmədin futbol məktəbinə getməsi və burada futbolun sirlərini öyrənməsi çoxlarına təəccüblü görünmüşdü. Amma çoxları hələ onda bilmirdi ki, bununla da balaca Əhməd gələcək həyat yolunun əsasını qoyur. Bəlk də o vaxt desəydilər ki, bu balacaq qaragöz, qaraqaş oğlan gələcəyin məşhur futbolçusu və məşqçisi olacaq, onda çoxları buna gülərdi. Amma onun futbola olan həvəsi sonsuz idi və tutduğu bu yol onu özü də bilmədən yeni bir şöhrət zirvəsinə aparırdı.

Sonralar Əhməd Ələsgərov ağır uşaqlıq illərini özünəməxus şəkildə xatırlamış, o illərin həyatında dərin izlər buraxdığını həsrət və nisgillə xatırlamışdı. Əhməd Ələsgərov ağır uşaqlıq illəri ilə bağlı 75 illik yubileyindən sonra "Toplu" jurnalına verdiyi müsahibəsində belə demişdi:

"Uşaqlığım Bakıda keçib. II dünya müharibəsi zamanı mən ibtidai sinifdə oxumuşam. Kasıbçılıq içində yaşamışıq. 1945-ci ildən sonra yavaş-yavaş hər şey düzəlməyə başladı. Mənim məktəb və digər işlərdən savayı əsas işim futbol oynamaq olub. Futbola çox tez başlamışam. 5 yaşımda axşama kimi məhəllədə oynayırdım. Rəsmi olaraq 8 yaşımda Razin qəsəbəsində (indiki Bakıxanov qəsəbəsi) yerləşən Uşaq Futbol Məktəbinə gedirdim. Kuznetsov Konstantin Petroviç mənim ilk müəllimim olub. Oranın uşaq-gənclər komandasında ən yaxşılardan olduğum üçün məni tezliklə "Neftçi"yə götürdülər. Düzdür, gürcülər də istəyirdilər, amma alınmadı. 18 yaşımda məni orduya çağırdılar. Paralel olaraq "Neftçi"də məşq edirdim. Sonra məni sifariş vərəqəsinə saldılar və oynamağa başladım".

Əziz Mustafa