cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Qəbələ” rekord müəyyənləşdirib

28.08.2016 09:42 Oxundu 1186

UEFA Avropa Liqasının qrup mərhələsinin rekordları açıqlanıb. Qitə futbol qurumu 2009-2010-cu ildən indiki formatda keçirilən turnirin qrup mərhələsində müxtəlif göstəricilərdə fərqlənənlərin siyahısını tərtib edib. UEFA-nın rəsmi saytında dərc olunan məlumatda arxada qalan son 7 mövsüm, həmçinin 2016-2017 mövsümündə qrupda mübarizə aparacaq klublarla bağlı faktlar əksini tapıb.
“Qəbələ”nin I təsnifat mərhələsindən mübarizəyə başlayıb, qrupa qədər irəliləməsi də UEFA-nın diqqətindən yayınmayıb. Rəsmi sayt 2009-cu ildən indiyədək bu yolu qət edən bütün klubların siyahısını açıqlayıb. “Qəbələ” cari mövsüm bunu bacaran iki komandadan biri kimi tarixə düşüb. “Qırmızı-qaralar” turnirin tarixində 8-ci belə uğurun müəllifi olub. Belə ki, 2009-cu ildən indiyədək yalnız 8 dəfə bir klubun 4 mərhələ keçib, qrupa yüksəlib. Ötən mövsümdə də eyni nailiyyətə imza atan Roman Qriqorçukun yetirmələri 2 dəfə 4 mərhələ keçməklə Norveçin “Rusenborq” klubuna məxsus rekordu da təkrarlayıb. Skandinaviyalılar 2012-2013 və 2015-2016 mövsümlərində I təsnifat mərhələsindən qrupa qədər irəliləyib. Lakin “Qəbələ”ni Tronheym təmsilçisindən fərqləndirən odur ki, “qırmızı-qaralar” ardıcıl 2 mövsüm belə yol qət edib. Bu iki klubdan başqa, İngiltərə “Fulhem”i (2011-2012), Hollandiya “Tvente”si (2012-2013), Norveç “Tromse”si (2013-2014) və İsrailin Təl-Əviv “Makkabi”si (2016-2017) 4 mərhələ adlayıb.
Xatırladaq ki, “Qəbələ” ötən mövsümdə “Dinamo” Gürcüstan (1:2, 2:0), “Çukariçki” Serbiya (0:1, 2:0), “Apollon” Kipr (1:1, 1:0), “Panatinaikos” Yunanıstan (0:0, 2:2), cari mövsümdə isə “Samtredia” Gürcüstan (5:1, 1:2), MTK Macarıstan (2:1, 2:0), “Lill” Fransa (1:1, 1:0) və “Maribor” Sloveniya (3:1, 0:1) ilə oyunlardan sonra mərhələ adlayıb.