çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

Futbola sığmayan ömür: Əhməd Ələsgərov (3)

28.08.2016 16:10 Oxundu 3225

Əhməd Ələsgərovun rəhbərliyi altında "Neftçi" bürünc medal qazanarkən aşağıdakı heyətlə oynamışdı: Qapıçılar: Kramarenko Serqey 34 oyun (25 top buraxmışdı qapısından), Huseynov Zahid 3 oyun (2 top buraxıb), Şexov Vyaçeslav 3 oyun ( 1 top buraxıb).

Müdafiəçilər: Semiqlazov Vyaçeslav (36 oyun, 1qol), Bruxti Vladimir (35 oyun, 1 qol), Babayev Yaşar (20 oyun), Babaev Adil (14 oyun), Cəlilov Ravil ( 9 oyun), Rzaev Arif (9 oyun),

Batraev Rafik, Lyoqki Vyaçeslav, Falkovski Boris

Yarımmüdafiəçilər: Trofimov Aleksandr (33 oyun 1 qol), Qryazev Anatoliy (26 oyun), Boqdanov Nikolay (25 oyun), Fedortsev Valeri ( 6 oyun), Gerasimov Anatoli, Xluçin Vitaliy, Marçenko Vladimir

Hücumçular: Hacıyev Valeri (34 oyun, 4 qol), Tuayev Kazbek (34 oyun, 14 qol), Markarov Eduard (26 oyun, 12 qol), Zeynalov Mubariz (20 oyun, 1 qol), Melkumov Serqey (18 oyun, 5 qol), Melkumov Yuri (16 oyun, 4 qol), Banişevski Anatoliy (14 oyun,12 qol), Salahov Nizami ( 8 oyun), Oqirçuk Anatoli( 5 oyun), Stekolnikov Yuri (2 oyun), Eynullaev Nadir (1 oyun).

Amma "Neftçi" sonrakı illərdə bürüng medal uğurunu davam etdirə bilmədi. Halbuki azarkeşlərimiz bürünc medalın ardınca "Neftçi"nin daha yüksək yer tutacağına, ikinci, hətta birinci yeri tutacağına ümidlər bəsləyirdi.

İstefa və Azərbaycandan kənarda yeni uğurları

1970-ci ildə "Neftçi" SSRİ çempionatında 10-cu yeri tutdu. Bu isə Əhməd Ələsgərovun istefaya göndərilməsi ilə nəticələndi. Bu böyük mütəxəssisin istefaya göndərilməsindən sonra "Neftçi" güclülər dəstəsini tərk edərək birinci dəstəyə yuvarlandı. İstefaya göndəriləndən sonra Əhməd Ələsgərov bir müddət Düşənbənin "Pamir" komandasında baş məşqçi işlədi və bu komanda ilə qısa müddətdə böyük uğur əldə etdi. 1973-cü ildə isə Əhməd Ələsgərov birinci dəstədə oynayan Odessanın "Çernomorets" komandasının baş məşqçisi təyin edildi. Qısa müddətdə komandanı yenidən quran Əhməd Ələsgərov "Çernomorets" komandası ilə də 1974-cü ildə SSRİ çempionatının bürünc medalını qazandı. 1977-ci ildən müəyyən səbəblərdən "Çernomorets"dən ayrılan Əhməd Ələsgərov sonrakı illərdə Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989) və "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.

Bu mənada "Şerif" xüsusi qeyd olunmalıdır. Çünki avrokuboklarda qrupadək irəliləmiş, cəmi 18 yaşı olan bu klubun dirçəlişində Ələsgərovun böyük rolu olur. Təsadüfi deyil ki, bu böyük futbol mütəxəssisi Tiraspol təmsilçisini ilk ildə də, 1997-98-ci illərdə Moldovanın yüksək liqasına çıxarır. Əhməd Ələsgərov "Şerif"lə avrokuboklarda qrupadək irəlilədi və bununla da böyük uğur əldə etmiş oldu. Futbolun inkişaf etdirilməsi sahəsində qazandığı uğurlara görə,

Əhməd Ələsgərov müxtəlif illərdə Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisi adına layiq görülüb.

Yığma komandamızın ilk baş məşqçisi

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Əhməd Ələsgərov yenidən "Neftçi" komandasına baş məşqçi təyin edildi. Bununla da o, müstəqil çempionatımızda "Neftçi"nin yeni baş məşqçisi kimi tarixə düşdü. Əhməd Ələsgərovun rəhbərliyi altında "Neftçi" 1992-ci ildə Azərbaycan çempionu oldu. Həmin ildə Əhməd Ələsgərov Azərbaycan milli yığma komandasının da baş məşqçisi təyin edildi. Əhməd Ələsgərov yığma komandamızla müstəqil Azərbaycan futbolu tarixində bir ilkə də imza atdı. Əhməd Ələsgərovun rəhbərliyi altında Azərbaycan yığma komandası 1992-ci ildə Gürcüani şəhərində Gürcüstan yığmasıyla yoldaşlıq görüşü keçirdi. Bu görüşdə yenicə formalaşdırılmağa başlayan Azərbaycan yığması Gürcüstan yığmasına 3:6 hesabı ilə məğlub olsa da yaxşı təsir bağışladı.

Müəyyən səbəblərdən "Neftçi"dən və Azərbaycan yığmasından ayrılan Əhməd Ələsgərov yenidən ona doğma olan, ikinci Bakı hesab etdiyi Odessa şəhərinə dönür. Lakin o burada da Azərbaycan futbolunu diqqət mərkəzində saxlayır, onun problemləri ilə daim maraqlanır, lazım gələndə məsləhətlərini verir, ölkəmizdə bununla da futbolun inkişaf etdirilməsində uzaqdan uzağa da olsa iştirak edirdi.

"Neftçi" üçün ağır günlər yaşananda, 1997-1998-ci ilərdə yenidən Bakıya dəvət edilən Əhməd Ələsgərov bu dəfə də ona doğma olan komandaya baş məşqçi təyin edilir. Əhməd Ələsəgərov bu dəfə (1999-2000-ci illər mövsümündə) "Neftçi"yə Azərbaycan çempionatının bürünc medallarını qazandırır .

"Neftçi" də işlədiyi dönəmdə o, komandasına ölkə kubokunu da qazandırır. Həmin vaxt prinsipial rəqib olan "Şəmkir"lə Tofiq Bəhramov adına Respublika stadionundakı finalda qələbə oyun sonrası penaltilərlə qazanılır.

Müstəqil futbolumuzda daha bir tarixi oyun Ələsgərovun adıyla bağlıdır. 1999-cu ilin avqustunda UEFA kubokunda "Srvena Zvezda"ya Bakıda 2:3 hesabıyla uduzduğumuz həmin görüş avrokuboklarda ən yaxşı oyunlarımızdan biri kimi yadda qalan olur.

Tarixi heç-heçə

Buna paralel olaraq 1998-2000-ci illərdə yenidən Azərbaycan yığma komandasında baş məşqçi işləyən Ələsgərovun rəhbərliyi altında Azərbaycan yığma komandası 1999-cu ilin iyun ayında də AÇ-2000-nin seçmə mərhələsində evdə Lixtenşteyn yığması üzərində 4:0 hesablı qələbə qazanır. Bunun ardınca Əhməd Ələsgərovun rəhbərliyi altında 1999-cu ilin sentyabr ayında Azərbaycan yığması evdə Portuqaliya ilə tarixi heç-heçə (1:1) edir və bununla da böyük bir uğura imza atır.

Ümumiyyətlə, Əhməd Ələsgərov mahir məşqçi olduğu kimi həm də mahir psixoloq idi. O, oyunçularını qələbəyə ruhlandırmağı bacarırdı. Onun baş məşqçisi olduğu bütün komandalarda böyük uğurlara imza atması da bununla bağlı idi. Bu baxımdan hansı komandaya rəhbərlik edirdisə Əhməd Ələsgərov oradkı yerli futbolçular arasından istedadları tapıb onların parlamasında önəmli xidmət göstərirdi. Bu baxımdan Ələsgərovun vaxtında "Neftçi"nin gənc oyunçuları Ədəhim Niftəliyev, Kamal Quliyev, Vadim Vasilyev kimi ulduzların istedaları parlayır. Əhməd Ələsgərovun psixoloq kimi istedadı qeyd etdiyimiz Portuqaliya ilə oyunda da özünü parlaq şəkildə üzə çıxardı. Portuqaliya ilə oyun öncəsi Əhməd Ələsgərov həmin vaxt Avropanın ən güclü futbolçularından olan Fiqudan yetirmələrinin zəif olmadıqlarına onları inandıra bilir. Təsadüfi deyil ki, bundan ruhlanan milli üzvlərimiz Luisə həmin oyunda göz açmağa imkan vermirlər. Bu da Azərbaycan yığmasının güclü rəqiblə oyunda tarixi heç-heçəyə imza atmasında önəmli rol oynayır.

"Bakı mənim ilk məhəbbətimdir"

Əhməd Ələsgərov 2005-ci ildə yenidən Bakıya dəvət edilir və burada "Bakı" komandasının yaradılmasında iştirak edir. 2005-2006-cı il mövsümündə mövsümündə klubda müşavir və vitse-prezident vəzifəsində çalışan Ələsgərovun dövründə "Bakı" Azərbaycan çempionu titulunu qazanır. Sonra yenidən Odessaya qayıdan tanınmış futbol mütəxəssisi burada yaşamağa başlayır. Ağır xəstəliyə baxmayaraq Əhməd Lətif oğlu Odessada vilayətinin Futbol Federasiyasının məşqçi komitəsinə rəhbəri vəzifəsində çalışıb. Odessasa azərbaycanlı futbol mütəxəssisinin fəaliyyətinə böyük qiymət verilir və 2012-ci ilin sentyabr ayının 1-də "Çernomorets" FK-nın Fəxri Xiyabanında onun adı xatirə ulduzu kimi əbədiləşdirilir.

Məşhur futbol mütəxəsisi anadan olmasının 75 illik yubiyeyi münasibəti ilə "Toplu" jurnalına verdiyi müsahibədə Odessada yaşaması ilə bağlı belə demişdi: "Son vaxtlar Bakıya tez-tez gələ bilmirəm. Bakı gözəl şəhərdir. O gündən-günə dəyişir. Amma mən onu müasirləşmiş formada yox, elə 50-60-cı illərdə olduğu kimi sevirəm. Bakı mənim ilk məhəbbətimdir. Dar küçələri, dalanları "Tarqovi"sıyla, milyonçuların tikdirdiyi binaları ilə sevmişəm Bakını... Odessa da gözəl şəhər hesab edilir. Yaşıl, təmiz, böyük şəhərdir. Ən əsası futbol mühiti var burada... Ona görə burada yaşayıram"

Bu böyük futbol mütəxəssisi, əvvəlcə SSRİ, Azərbaycan və Ukrayna futbolu tarixinə adını əbədi yazdıran insan bu ilin may ayının 19-da uzun sürən xəstəlikdən sonra Odessada vəfat etdi. Onu son mənzilə bütün Odessa yola saldı. Dəfnində vilayətin və Ukraynanın tanınmış dövlət rəsmiləri iştirak etdilər. Allah rəhmət eləsin, ruhu şad olsun...

Əziz Mustafa