cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

“Hər bir rəqibə ciddi yanaşmaq lazımdır”

22.06.2016 11:31 Oxundu 293

Azərbaycanın futbol klublarının Avropa Liqasının və Çempionlar Liqasının I və II təsnifat mərhələsindəki rəqiblərinin məlum olmasından sonra bütün diqqət komandalarımızın bu görüşlərdə nümayiş etdirə biləcəkləri oyunlara yönəlib. İş orasındadır ki, təsnifat mərhələsində komandalarımızın qarşılaşacaqları komandalar nəzəri baxımdan bir o qədər də güclü hesab edilmirlər. Məsələn, vaxtı ilə Avropa liqasında xoş çıxışı ilə yadda qalan, ancaq baş məşqçi Böyükağa Hacıyevin ayrılmasından sonra heç cür özünə oxşamayan Azərbaycan futbolunun flaqmanı olan “Neftçi” bu mərhələdə Maltanın “Baltsan” komandası ilə gücünü sınayacaq. Malta komandasının bir o qədər də güclü olmadığını nəzərə alsaq, onda “Neftçi”nin bu mərhələdə bəxtinin gətirdiyini düşünmək olar. Hər halda “Neftçi” “Baltsan”ı mübarizədən kənarlaşdırmağa qadirdir. Bununla hazırda “Neftçinin müəyyən problemlər yaşadığını nəzərə alsaq, onda təmsilçimizi heç də asan oyun gözlmədiyini ehtimal etmək olar. Hər halda, “Neftçi” “Baltsan”ı keçmək və növbəti mərhələyə adlamaq imkanlarına malikdir. Əgər “Neftçi” bunu edə bilməsə, onda bu, beynəlxalq səviyyədə Azərbaycan futbolunun imicinə vurulan bir zərbə olacaq.

Avropa liqasında çıxış edəcək digər komandamız “Kəpəz” Moldovanın “Daçiya” komandasını mübarizədən kənarlaşdırmağa cəhd edəcək. Bu baxımdan “Kəpəz”i çətin sınaq gözləyir.

Avropa liqasındakı digər təmsilçimiz “Qəbələ” isə Gürcüstanın “Samtrediya” klubu ilə münasibətlərə aydınlıq gətirəcək. “Qəbələ”nin bu mövsümdə ötən illə müqaysədə daha zəif çıxış etdiyini nəzərə alsaq, onda əyalət klubumuz rəqibini məğlub etmək üçün xeyli tər tökməli olacaq. Çempionlar liqasında “Qarabağ”ın rəqibi olan Lüksemburqun “Düdelanj” komandası ilə oyununun da gərgin keçəcəyi gözlənilir. Bu baxımdan komandalarımızn bu mərhələdə neçə çıxış edə biləcəyi ilə bağlı futbol mütəxəssisləri rəylərini öyrənməyə çalışdıq. Aşağıda komandalarımızn Avropa liqasında və Çempionlar liqasındakı imkanları ilə bağlı mütəxəssis rəylərini oxucularımıza təqdim edirik.

“Kəpəz”i çətin sınaq gözləyir”

“AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov: “Mən hesab edirəm ki, hər bir rəqibə ciddi yanaşmaq lazımdır. Rəqibi dəyərləndirəndə öz hazırlığımızı da düşünməliyik. Fikrimcə, hər bir klubumuzun ilk mərhələni keçmək potensial var. İnanıram ki, o qədər də rahat olmasa da, klublarımız ilkin mərhələni adlamağı bacaracaq və bizi sevindirəcəklər. Onu da deyim ki, bizim bəxtimizə ayrı-ayrı futbol məktəblərinə malik klublar düşüb. Yeri gəlmişkən bildirim ki, “Kəpəz”i çətin sınaq gözləyir. İnanıram ki, çox gözəl futbol nümayiş etdirən “Kəpəz” bu çətin vəzifənin öhdəsindən gələcək. “Neftçi” ilə görüşəcək Maltanın “Baltsan” və “Qəbələ”nin rəqibi Gürcüstanın “Samtredia” haqqında məlumatlarımız var, bu komandaları yaxşı tanıyırıq. Güman edirəm ki, onlardan üstün olduğumuzu bir daha sübut edəcəyik. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq “Qarabağ”a isə inam daha çoxdur. Heç şübhəsiz ki, “Qarabağ” öz öyunu ilə rəqibdən güclü olduğunu bir daha nümayiş etdirəcək və öz azarkeşlərinə unudulmaz anlar bəxş edəcək”.

“Neftçi”yə hava, su kimi lazımdır”

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov: “Düşünürəm ki, bizə o qədər də güclü olmayan rəqiblər düşüb. Mənim fikrimcə, “Qarabağ” “Düdelanj”la oyunların favoritidir”. “Qarabağ”ın bu səddi keçə biləcəyinə əminəm. Bunu deməklə, rəqib komandaya hörmətsizlik etmək istəmirəm. Ancaq fikrim belədir ki, “Qarabağ” rəqibindən güclüdür. Onu deyim ki, “Düdelanj”ın yaxşı heyəti var. Amma bir şeyi unutmayaq: bu səviyyəyə gəlib çıxan komandalar heç də zəif komandalar olmurlar. Güman edirəm ki, Qurban Qurbanov rəqibini ciddi analiz etməklə bu mövsüm də öz sözünü deyə biləcək.

İstər milli, istərsə də klub səviyyəsində Moldova isə yaxşı nətcələrə imza ata bilməmişik. Bu baxımdan mənə elə gəlir ki, ən çətin rəqib “Kəpəz”ə düşüb. Yeri gəlmişkən, onu da deyim ki, əksər futbol mütəxəssislərinin fikrincə, bu cütün favoriti birmənalı şəkildə “Kəpəz” yox, “Daçiya”dı”. Lakin mənə elə gəlir ki, bu qarşılaşmada şanslar əlli əlliyədir. Sürətli və texnikalı komanda sayılan “Kəpəz” Şahin Diniyevin rəhbərliyi altında yaxşı hazırlaşmaqla rəqibin öhdəsindən gələ bilər. Yəni demək istəyirəm ki, hər komandada müəyyən boşluqlar olur. Şahin müəllim rəqibin bu boşluqlarından maksimum yararlanmağa çalışacaq.

“Qəbələ”nin rəqibi yəni “Samtredia” zəif görünə bilər. Amma buna heç vəchlə arxayınlaşmaq olmaz. “Qəbələ” də rəqibini ciddi analız etməlidir. Bütün bunlara rəğmən, mən şansları belə deyərləndirirəm: 70-in 30-a “Qəbələ”nin xeyrinə.

“Neftçi”yə gəldikdə isə... Keçənilki uğursuzluqların fonunda Maltanın “Baltsan” səddini keçmək “Neftçi”yə hava, su kimi lazımdır. Burada da münasib rəqibin düşməsi göydəndüşmə kimidir. İnanıram ki, “Neftçi” bu işin öhdəsindən gələ biləcək. Yeri gəlmişkən, onu da deyim ki, son günlər “Neftçi” öz heyətini gücləndirməklə məşğuldur. Heyətin yeni üzvləri özlərini göstərmək nöqteyi-nəzərindən də bu oyunda daha çox can qoymağa çalışacaqlar. Güman edirəm ki, “Neftçi” növbəti mərhələyə adlaya biləcək. Bir sözlə, komandalarımıza uğurlar diləyirəm”.

İnanıram ki...

Tanınmış futbolçu Valdislav Qədirov: “Biz rəqiblərə ciddi yanaşmalıyıq. Fikrimcə, “Qarabağ”a söz ola bilməz, o, “Düdelanj” mərhələsini keçəcək. “Neftçi”nin rəqibi “Baltsan” zəif görünə bilər, amma yadınızdadırsa, bizim milli Malta millisinə uduzmuşdu. Amma sözün düzü, indi həmin klubun hansı səviyyədə olduğunu bilmirəm. “Qəbələ”ə də, yəqin ki, “Gürcüstan səddini” aşa biləcək. “Daçiya” “Kəpəz” üçün güclü rəqib sayıla bilər. Amma inanıram ki, “Kəpəz” də Avropa miqyasında öz sözünü deməyə çalışacaq.

Tanınmış futbolçu Yunis Hüseynov: “Bəxtimizdən yaxşı rəqiblər düşüb. İnanıram ki, “Qarabağ” da, “Qəbələ” də, “Neftçi” də “Kəpəz” də birinci mərhələni keçəcək. Bununla bağlı heç düşünməyə, danışmağa belə ehtiyac yoxdur”.

Rasim Məmmədli