cümə, 26 aprel 2024

BOKS

Rüfət Hüseynov yarımfinala çıxdı

22.06.2016 11:39 Oxundu 6923

Bakıda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində 1/8 və 1/4 final mərhələsinin qarşılaşmaları keçirilib. Yarışda mübarizə aparan Azərbaycan millisinin 3 üzvü dünən növbəti döyüşlərinə çıxıblar. Onlardan Teymur Məmmədov günorta, Rüfət Hüseynovla Kamran Şahsuvarlı axşam proqramında mübarizə aparıblar.

49 kq

İlk görüşdə Po-Vey Tunu (Çin Taypeyi) 3:0 hesabı ilə məğlub edən Rüfət Hüseynov 1/4 finalda Zouhir El Bekkali ilə qarşılaşıb. Boksçumuz hər üç raundda rəqibindən üstün olub (28:29, 28:29, 28:29) və yarımfinala yüksəlib.

75 kq

Hüseynovdan fərqli, Kamran Şahsuvarlı 1/8 final görüşünü keçirəcək. İlk qarşılaşmasında Aryon Kaloşini (Albaniya) mübarizədən kənarlaşdıran həmyerlimiz 1/4 finala vəsiqə uğrunda Yohan Qonzales Mendeslə (Venesuela) üz-üzə gəlib. Həmyerlimiz rəqibini məğlub edərək növbəti mərhələyə yüksəlib.

81 kq

İlk döyüşündə çinli Şi Quojonu mübarizədən kənarlaşdıran Teymur Məmmədov 1/8 finalda gürcüstanlı Laqi Xizirya ilə qüvvəsini sınayıb. Görüş boksçumuzun çətin qələbəsi ilə yekunlaşıb - 2:1 (29:28; 28:29; 29:28). Məmmədov 1/4 finalda da eyni uğuru təkrarlayarsa, Rioya lisenziyanı təmin edəcək.

Qeyd edək ki, boksçularımızın mübarizə apardığı 75 və 81 kq-da ilk “beşlik”də yer alanlar Rio-2016-ya vəsiqə əldə edəcəklərsə, 49 kq çəkidə yalnız finalçılar Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.