cümə, 29 mart 2024

MÜSAHİBƏ

Məzahir Süleymanov: "Şükürlər olsun ki, bu sınaqlardan çıxmışam"

22.12.2016 16:28 Oxundu 6903

22 dekabr Süleymanovlar ailəsi üçün xüsusi gündü. Çünki bir ailənin düz 4 üzvü fərqli illərdə olsa da, eyni gündə anadan olub.

Məzahir və Tahir Süleymanov qardaşlarını futbol ictimaiyyətində tanımayan yoxdu. Maraqlıdı ki, qardaşlar eyni gündə anadan olublar. Onların anaları, həmçinin Məzahir Süleymanzadənin oğlu da məhz 22 dekabrda dünyaya göz açıb. Tahir bəyin 52 yaşı olursa, böyük qardaşı 64-cü ilini geridə qoyur.

Tanınmış jurnalist, əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə apasport.az saytına müsahibəsində ad günü ilə bağlı xatirələrini bölüşüb.

- Sizi ilk kim təbrik etdi?

- Məni birinci nəvəm təbrik elədi. Bilirdi ki, ad günümə az qalıb, günləri sayırdı. Gözlədi, yatmadı, saat 12-ni keçən kimi təbrik elədi. Bu da mənim üçün çox xoş oldu.

- Bu gün ailənizdə 4 ad günü var. Ən çox kimə görə sevinirsiz: özünüzə, rəhmətlik ananıza, qardaşınız Tahir bəyə, yoxsa oğlunuz Samirə?

- Allah ölənlərə rəhmət eləsin, anam dünyasını dəyişib. Bir ailədə 4 nəfərin ad gününün olması fərəhli haldı. Ona görə də, dekabrın 22-ni gecə ilə gündüzün bərabərləşdiyi gün kimi qeyd edirik. Ailəmizdə əlamətdar gündü. Dostlar, tanışlar yığılırlar, xoş söz deyirlər, fərəhli anlarımızı xatırlayırıq. Bu da bizim üçün xoş hadisəyə çevrilir. Çalışırıq ki, yaddaqalan olsun.

- Hər il bu tarixdə siz birinci qardaşınızı təbrik edirsiz, yoxsa Tahir bəy sizi?

- Bu, yaddan çıxacaq tarix deyil. Mən böyük olduğum üçün onlar məni təbrik edirlər. Adət var, kiçiklər bu məsələdə daha həssasdılar.

- Ad günlərini kimin evində qeyd edirsiz?

- Bu gün Tahirgilə yığışıb, orda qeyd edəcəyik. Bunun bizim üçün elə bir önəmi yoxdu. Bəzən onlarda, bəzən bizdə yığışırıq, bəzən də oğlum dəvət edir. Əsas odu ki, bir yerə toplaşıb, sevincimizi bölüşürük. Ən çox sevinən də nəvələr olur.

- İndiyə qədər aldığınız ən böyük hədiyyə nə olub?

- Hədiyyənin böyüyü-kiçiyi olmur. Hamısı xoşdu. Amma indiyə qədər aldığım ən böyük hədiyyə ağ köynək və qalstuk olub. Mənim ənənəvi hədiyyələrim bunlardı. Lap cavanlığımdan bəri mənə çox köynək, qalstuk və qələm hədiyyə ediblər. Simvolik olsa da, çox xoş hədiyyədi. Vaxt olub ki, əhatə dairəmiz geniş olub. Həmin vaxtlar heç kimdən hədiyyə qəbul eləməmişəm. Ancaq ağ köynək, qələm və qalstuk jurnalistika aləmində rəmzi hədiyyə hesab olunub, rüşvət sayılmır. Buna görə də, həmin hədiyyələri həvəslə qəbul eləmişəm.

- Kiçik yaşlarınızda valideynləriniz sizə hədiyyə alanda aranızda mübahisə yaranmırdı?

- Bizim uşaqlığımız Şamaxıda keçib. 5 qardaş olmuşuq, böyük ailə idik. Atamın, anamın elə bir imkanı da olmayıb ki, hədiyyə alsınlar. Anam həmişə ən çox sevdiyimiz plov bişirib. O, çox dadlı plov bişirərdi. Azərbaycan mətbəxinin ən ləziz yeməyi olan plov süfrəsinin ətrafında toplaşmışıq. Bu da bizə ən böyük hədiyyə olub. Xüsusi hədiyyələr olmayıb. Sevincimizi səmimi ortamda bölüşmüşük.

- Geridə qalan 64 ildə ən böyük qazancınız nə olub?

- Ən böyük qazancım ləyaqət hissini itirməmək, səmimiyyət və dostlar qazanmaq olub. Həm peşəyə, həm də, ümumiyyətlə, insanlara, dostlara xəyanət eləməmək... Mənə məmnunluq gətirən, rahatlıq verən bu olub ki, zamanın sınağından çıxa bilmişəm. 20 Yanvar, Xocalı hadisələri zamanı bir jurnalist kimi boynuma böyük yük düşüb. O sınaqdan da çıxa bilmişəm. Sağ olsun, ölkə ictimaiyyəti bunu zaman-zaman xatırlayır. Qazandığım bunlar, həmçinin təmiz ad, hadisələrə peşəkar münasibət və Vətən, torpaq sevgisi olub. Çalışmışam ki, vətəndaşlıq mövqeyim sabit qalsın. Külək hansı tərəfdən əsirsə, üzümüzü o tərəfə çevirməmişik. Necə var, o cür də qalmışıq. Dostlarımız, tanışlarımız da bizi belə qiymətləndiriblər.

- Həyatınızdan razısızmı?

- Niyə narazı qalmalıyam ki? Allah bir ömür verib, bunu ləyaqətlə yaşamışıq. Hələ cavan vaxtlarımdan kifayət qədər tanınmış adam olmuşam, çoxlu mükafatlara layiq görülmüşəm. Allah mənə övlad qismət edib. İndi isə bir mələk nəvəm var. Onlar mənim yazılarımın, əsərlərimin qəhrəmanlarıdı. Mənim həyatımı rövnəqləndirirlər. İnsana həyatda başqa nə lazımdı ki? Fərəhli anlarım çox olub. Bunu da Allahın lütfü, mənə verdiyi mükafat hesab edirəm. Çalışmışam ki, mənə yaradılan bu imkandan istifadə edib, dövlətimə, xalqıma xidmət edim.

- Əlinizdə imkan olsaydı, həyatınızdan hansı anı silmək istərdiz?

- Həyatın çox sınağından çıxmışam. Lap cavanlıqdan Allah çiyinlərimə hətta bir insanın daşıya bilməyəcəyi yük qoyub. Şükürlər olsun ki, bu sınaqlardan çıxmışam. Mənə elə gəlir ki, insan yaşadığı ömrün heç bir anını silməyə çalışmamalıdı. Çünki ömür sınaqlardan ibarətdi, kərpic-kərpicdi. Bu kərpiclərdən hər hansı birini ömürdən çıxarsan, divar çatlaya, uça bilər. Yaşadığım ömrün yaxşısı da mənimdi, pisi də. Bu ömrü belə yaşadığım üçün fərəh hissi keçirirəm. Dostlarımın, xalqımın, millətimin qarşısında həmişə alnıaçıq, üzüağ olmuşam. Buna görə də, ömrümdən heç nəyi silib atmaq və ya dəyişmək istəməzdim.

- Sizin üçün ən yaddaqalan ad günü hansı olub?

- Bütün xatirələr mənim üçün maraqlıdı. Ad günləri cürbəcür olur. Eləsi var adi ad günü olur, eləsi də var ki, yubileyə təsadüf edir. Adi ad günlərində çalışmışıq bunu bəhanə edib bir yerə toplaşaq və elə bir şərait yaradaq ki, buna daha çox balacalar sevinsinlər. Onlar babaları üçün mahnılar oxuyurlar, atılıb-düşürlər, biz də baxıb fərəhlənirik. 60 illiyim qeyd olunanda Azərbaycan Mətbuat Şurasından məni Beynəlxalq Mətbuat Mərkəzinə dəvət elədilər. Açığı, gözləmirdim ki, 60 illiyimi o səviyyədə qeyd edəcəklər. Gedib gördüm ki, tədbir böyük salonda təşkil olunub. Böyük salondan da bu cür ad günləri zamanı nadir hallarda istifadə edilir. Həmkarlarımız, qələm yoldaşlarım, hörmətli qonaqlar var idi. Mənim üçün çox xoş sürpriz oldu. Sevindim ki, unutmayıblar. Üstündən 4 il vaxt keçsə də, həmin gününü hələ də unutmamışam.

Ruslan SADIQOV