çərşənbə axşamı, 16 aprel 2024

FOTO XƏBƏR

"Barsa"nın "trio"sunun yeni akkordları

12.01.2017 12:02 Oxundu 5266

“Barselona”nın hücum “trio”su növbəti uğurlu çıxışla yadda qalıb. Lionel Messi, Luis Suares və Neymar buna İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Atletik”lə cavab qarşılaşmasında nail olublar. “Barsa”nın 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açan Suares bu komandanın heyətindəki qollarının sayını 100-ə çatdırıb. Uruqvaylı forvard bunu 120-ci matçında reallaşdırıb.

78-ci dəqiqədə qarşılaşmada son nöqtəni qoyan Messi isə 2017-ci ildə meydana çıxdığı ardıcıl 3-cü görüşdə də cərimə zərbəsindən toru silkələyib. Bununla da argentinalı cərimə zərbəsindən vurduğu qol sayına görə, kataloniyalıların sabiq üzvü Ronald Kumana çatıb. 26-cı dəfə standart vəziyyətdən fərqlənən Leo daha bir qol vurarsa, “Barselona”nın bu baxımdan rekordçusu olacaq.

Dünənki görüşün 48-ci dəqiqəsində ikinci topun müəllifi olan Neymar isə quru seriyaya son qoyub. Penaltidən fərqlənən braziliyalı 11 oyundan sonra “Barsa”nın heyətində fərqlənməyə macal tapıb. O, buna qədər sonuncu dəfə oktyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Mançester Siti” ilə (4:0) oyunda rəqib qapıçısını məyus etmişdi. Bu mövsüm Neymar La Liqada meydana çıxdığı 14 matçda 4 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.