şənbə, 20 aprel 2024

MÜSAHİBƏ

Aleksandr Jidkov: "Neftçi"də liderlərdən biri idim"

11.02.2017 12:12 Oxundu 6307

"Neftçi"nin və Azərbaycan milli komandasının sabiq qapıçısı Aleksandr Jidkov Ukrayna mətbuatına geniş müsahibə verib. "Report" həmin müsahibənin Azərbaycanla bağlı hissələrini təqdim edir...

- Yəqin, belə demək ədalətli olardı ki, Kiyev "Dinamo"sunda özünüzü tam göstərə bilmədiniz. Artıq uzun müddət keçib və təhlil üçün vaxtınız çox olub. Bunun səbəbi nə idi?

- Həqiqətən yaxşı sualdır. Mən hələ futbolu oynayanda, bu sualı özümə çox tez-tez verirdim. Yəqin, yanımda elə bir qapıçı yox idi ki, mənə meydanda necə hərəkət etməyi məsləhət görsün. "Neftçi"də liderlərdən biri idim, müdafiəyə rəhbərlik edirdim. Komanda isə başqa vəzifələrin həlli ilə məşğul idi. Bakıda səhv edə bilərdim, amma bu, bağışlanırdı. Kiyevdə isə belə deyildi. Bir səhv üzündən hətta əvəzedici heyətdən belə kənarda qaldım. "Spartak"la oyun zamanı buraxdığım səhvə görə yarım il nəinki əsas, heç əvəzedici heyətdə də oynamadım.

- 1983-cü ildə karyeranızda real olmayan sıçrayış etdiniz. İkinci liqadakı "Atommaş" komandasından güclülər dəstəsində çıxış edən "Neftçi"yə keçdiniz. Hərçənd, sizinlə yalnız Azərbaycanın əsas komandası maraqlanmırdı. Sizi istəyənlər yetərincə çox idi - MOİK, "Torpedo", "Spartak". Bir müsahibənizdə "Bakılılar sənədlərimi oğurlamışdılar" demişdilər. Həqiqətənmi belə etmişdilər?

- (gülür) Həmin il Moskvada SSRİ Xalqlarının Spartakiadası keçirilirdi. Rusiya yığması ilə finala çıxmışdım. Mənə ilk olaraq Bakıdan müraciət etdilər. Onda 18 yaşım vardı. Hərbi xidmət vaxtım çatmışdı. Buna görə izah etdim ki, əsgərlik məsələmi həll etmək lazımdır. Ancaq "Neftçi" nümayəndələri mənə cavab verdilər ki, problemi həll edəcəyik, sənədlərini ver. Mən də belə etdim. Litva yığması ilə final oyunundan sonra "ovum başladı". Hətta başqa otelə köçməli oldum. Bakıda qaldığıma görə heyfsilənmirəm. 18 yaşda nadir halda əsas heyətdə güvənirlər. Sergey Kramarenkonun karyerasının sonuna artıq az qalmşdı. Yeri gəlmişkən, debütüm Kiyev "Dinamo"su ilə matçda oldu - 0:5 hesabı ilə uduzduq.

- "Neftçi"yə keçidinizlə bağlı digər maraq məqam olub. Final oyunundan sonra yığmanın nümayəndələri sizi bir dəqiqəlik kənara çəkib və bu, "Neftçi"nin futbolçusu olmağınız üçün yetərli olub...

- Bəli, biz "Turist"də qalırdıq. Buna görə başqa otelə köçməli oldum. Bundan sonra yalnız texniki məsələlər qalırdı.

- Siz Bakıda Tibb Universitetinə daxil oldunuz və hərbi kafedranı bitirdiniz. Bilirəm ki, ixtisasınız üzrə təhsilinizi artıq Kiyevdə davam etdirmisiniz. Tibb diplomunuz var?

- Bəli. 1990-ci ildə Aleksandr Boqomolets adına İnstitutu bitirmişəm. Düzdür, bir gün belə ixtisasım üzrə işləməmişəm. Bu, mənə də maraqlıdır - sanitarepidemioloq.

- "Neftçi"də yerli futbolun əfsanəsi Kazbek Tuayevlə birgə işləmisiniz. Bu mütəxəssis haqda nə deyə bilərsiniz?

- Azərbaycan futbolu üçün bu adam yəqin ki, Anatoli Banişevski səviyyəsindədir. O, çox ünsiyyətcil insandır. Biz indi də ünsiyyət qururuq. O, mənə gənc yaşımda kömək edib. Rəhbərlik klubda münasib məişət şəraiti yaratmışdı. Məşqçi isə heyətdə mənə güvənirdi. O vaxt bu, çox vacib idi.

- Sergey Kramarenko "Neftçi"də demək olar ki, 20 mövsüm oynayıb. Həmkarınız sizdən 19 yaş böyük idi. Yəqin ki, onu futbol atası kimi qəbul etdiniz...

- Məhz belə. Biz Sergey Sergeyeviçlə daim söhbətləşirdik. O, həyatla bağlı anlarda çox şeyi mənə məsləhət görərdi. Bizdə futbol mövzusu ilə bağlı da müzakirələr olurdu. Onun məsləhətləri mənim üçün həmişə dəyərli idi. Bakıda ümumiyyətlə, əla vaxt keçirdim.

- Kramarenkoya "Siz" deyə müraciət etmisiniz?

- Yox. Digər həmkarlarım kimi normal ünsiyyətim olurdu.

- Bakıya gec öyrəşdiniz?

- Mən 18 yaşımda gəldim. Buna görə də adaptasiyaya 1 il dəqiq getdi. Oranın öz qayda-qanunları, həyata baxışları var. Mən Rostovdan, digər mühitdən gəlmişdim. Yenisinə öyrəşməli oldum. Məsələn, mədəniyyətə, böyük-kiçik məsələsinə diqqət yetirirdim. Ruslarda da valideynlərə hörmət edirlər. Anca Bakıda bu, yüksək səviyyədə idi. Mənə vaxt lazım idi ki, yeni həyat üslubuna öyrəşim.

- 1984-cü il mövsümündə son oyununuz Moskva "Dinamo"suna qarşı oldu. Sizi 34-cü dəqiqədə, "Neftçi" hesabda 1:2 geridə olduğu vaxt əvəzlədilər. Nə olmuşdu?

- Oyun "Dinamo" manejində keçirilirdi. İlk qolu uzaq məsafədən buraxdım. Mən sadəcə, oyuna qoşula bilmədim və əvəzlənməyimi istədim. Belə hallar olur. Yaxşı ki, komanda yoldaşlarım vəziyyəti düzəltdilər və 3:2 hesabı ilə qalib gəldik.

- Azərbaycan yığmasının heyətində İsveçrəni məğlub etdiniz. Deyilənlərə görə, hesabda öndə olduğunuz vaxt qapınıza təyin olunmuş penalti zamanı İsveçrə yığmasının lideri Hakan Yakını qorxutmusunuz...

- Bu, tarixi qələbə idi. Azərbaycan millisi ilk dəfə idi ki, qalib gəlirdi. Ağır oyun oldu. Biz qol vurduq, amma sonradan qapımıza penalti təyin olundu. Bu qərar "Qələbəni əldən verəcəyik" deyə bizi qorxutdu. Mən bir küncə tullandım, rəqib oyunçu isə topu digər tərəfə vurdu. Amma top qapının yanından keçdi. Bu, birmənalı olaraq, onun səhvi idi.

- 1985-ci ildə "Neftçi"yə Vyaçeslav Çanov gəldi və siz ehtiyat skamyada əyləşdiniz. Qapıçılar arasında əsl dostluq olmur?

- Çanov Vyaçeslav Solovyovla birgə gəldi. Yeni baş məşqçi özü ilə 3-4 yeni ifaçı gətirmişdi. Onda təhqir vardı. Bu, təəccüblü deyil. Yenicə start heyətdə çıxmağa başlayırdım ki, ehtiyatda oturdum. Aramızda rəqabət yox idi. Slavanın 30 yaşı çoxdan tamam olmuşdu. Bu yaşda hansı rəqabətdən söhbət gedə bilər? Münasibətlərimiz normal idi. Yalnız ona görə özümü pis hiss edirdim ki, oynamırdım.

- Sizin qapıçı dosyenizdə əsas bəndlərdən biri 1 oyunda Fyodr Çerenkovun 2 penaltisini dəf etməyinizdir. "Neftçi" uduzdu, ancaq adınız bütün SSRİ-də məşhur oldu...

- Heç bir fövqəladə şey yox idi. Yəqin ki, biz az bəxtim gətirdi. Bunsuz mümkün olmazdı və Çerenkovun iki dəfə zərbəsi dəqiq olmadı.

- "Dinamo"un qapıçısı Mixail Mixaylov sizinlə əvəzlənməyini, onun Kiyev "Dinamo"sundan "Neftçi"yə, sizin isə əks marşrutda getməyinizi inkar edir. Bu, həqiqətən olmamışdı?

- Mixaillə bu məsələni tez-tez qaldırırıq. Səhv etmirsəmsə, belə olmuşdu ki, onu Bakıya, məni isə Kiyevə dəvət etdilər. Hansısa dəyiş-düyüş olmamışdı. Sadəcə, iki sərbəst transfer var idi.

- "Dinamo"nun marağını nə vaxt eşitdiniz?

- Bu, Donetksdə oldu. Mixail Koman gəldi və "Neftçi"nin iki futbolçusunu dəvət etdi. Mənimlə Valeri Pançik idi. O, Korostendə anadan olmuşdu və vaxtilə "Tavriya"da çıxış etmişdi. Pançik "Dinamo"nun təklifindən imtina etdi. Dediyinə görə, beli ağrıyırdı, Kiyevdə dözməzdi. Mən isə öz növbəmdə razılaşdım. Lobanovski məni Mokva ətrafında Novoqorska - yğmanın düşərgəsinə dəvət etdi. Bu, faktiki təlim-məşq toplanışı idi. Ancaq bizim söhbət "Dinamo"nun gələcəyi ilə bağlı idi.

- Lobanovski ilə nə danışdınız?

- Ondan belə sual eşitdim ki, Kiyev "Dinamo"sunda oynamaq istəyirsənmi? SSRİ yığmasnda oynamaq istəyirsənmi? Doğrudanmı imtina edə bilərdim? Üstəlik, Lobanovski mənə dedi ki, "Neftçi"nin səviyyəsini artıq keçmisən. Buna görə qərar qəbul etməzdən öncə elə bir tərəddüd etmədim.

- Amma SSRİ yığmasında qeyri-rəsmi matçlarda oynasanız da, 1988-ci il Avropa çempionatına aparılmadınız...

- Reqlamentə əsasən, o vaxtlar yalnız iki qapıçı sifariş edirdilər. Bu səbəbdən, məni Almaniyada keçirilmiş çempionata aparmadılar.