cümə, 19 aprel 2024

BOKS

Vaqif Kazımov: "Heyətdə yer alan hər bir boksçunun sabahına böyük ümidlər bəsləyirik"

10.06.2017 12:52 Oxundu 6730

Yeniyetmə oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vaqif Kazımov yetirmələrinin “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə hazırlığını dəyərləndirib. O bildirib ki, iyunun 11-14-də Naxçıvanda keçiriləcək yarışda 2 komandanın heyətində rinqə çıxacaq hər bir idmançı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq: “Komandamızda hazırlıq yüksək səviyyədə davam edir. Təxminən fevraldan birgə məşqlərə başlamışıq. Heyətdə yer alan hər bir boksçunun sabahına böyük ümidlər bəsləyirik. Naxçıvanda keçiriləcək “Heydər Əliyev kuboku-2017”də məqsədimiz uğurlu nəticə əldə etməkdir. Əsasən yüngül çəki dərəcələrində daha güclü olacağımızı düşünürəm. Bu turnirdə heyəti nəzərdən keçirib, təcrübə toplamaq istəyirik. Çünki hazırlıq və turnirlərdə iştirak Avropa birinciliyində uğurlu iştiraka hesablanıb”.

V. Kazımov bütün rəqiblərin Naxçıvana əsas heyətlə gəldiyini də vurğulayıb: “Hər döyüşün gərgin keçəcəyini düşünürük. Çünki boks dünyasının aparıcı ölkələri hesab edilən Özbəkistanla Qazaxıstan yarışa 1 nömrələri ilə gəlib. Biz Avropa birinciliyinə hazırlaşdığımız kimi onlar da Naxçıvanda Asiya çempionatına qatılacaq uşaqları müəyyənləşdirəcəklər. Həmçinin Ukrayna, Macarıstan, Gürcüstan, İran və Qırğızıstan da əsas heyət üzvlərini yoxlayacaq. Bütün bu səbəblər turnirinin çox gərgin keçəcəyindən xəbər verir”.