cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Bakıda tarixi oyun - 19 illik revanş şansı

14.08.2017 11:27 Oxundu 1702

Sabah Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək.

Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq.

Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək üçün son addımı atmağa çalışacaq. Son 3 ildə pley-offun astanasında ilişən Qurban Qurbanovun yetirmələri bu raunddakı ilk matçını evdə keçirəcək.

Ağdamlılar Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”lə üz-üzə gələcək. Əyalət klubu Danimarka çempionunu zərərsizləşdirməklə daha bir tarix yazmağın astanasındadı.

Bu, Azərbaycan klublarının şimal ölkəsinin təmsilçiləri ilə ikinci duelidi. İlk qarşılaşmalar da məhz bu iki komanda arasında olub. 1998/99 mövsümünün Kuboklar kubokunda “Qarabağ”la “Kopenhagen”in yolları kəsişib. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan “Qarabağ” 19 il sonra revanş almağa köklənib.

Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyun

15 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

Baş hakim: Paolo Taqliavento

Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato

Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)

Hakim-inspektor: Frits Stuçlik (Avstriya)

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Apasport.az