cümə, 29 mart 2024

GÜLƏŞ

Firdovsi Umudov: "Hədəfimiz bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir"

15.08.2017 14:06 Oxundu 5241

Bu gün Fransanın paytaxtı Paris şəhərində keçiriləcək güləş üzrə Dünya çempionatına gedəcək yığma komandanın heyəti açıqıaldıqdan sonda baş tutan brifinqdə sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov qarşıdakı çempionat barədə fikirlərini bildirib:

“Komandamız ilin əvvəlində Avropa çempionatında, Dünya Kuboku və IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış etdi. Kislovodskda Olimpiya İdman Bazasında, Dağıstanda və Bakıda təlim-məşq toplanışları keçirdik. Həmçinin, Gürcüstanda Vaxtanq Balavadzenin, Dağıstanda isə Əli Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə iştirak etdik. Bu yarışlarda uğur qazananları heyətə daxil etdik. Məşq proseslərimiz hər zaman yüksək səviyyədə təşkil olunub. Dövlətimiz, Azərbaycan Güləş Federasiyası tərəfindən hər cür şərait yaradılıb. AGF-nin bazası dünyada ən yaxşılardandır. Bu gün də hazırlığımızı burada davam etdiririk. Güləşçilərimiz il ərzində bazada qida və yataq yerləri ilə təmin olunublar. Qalanı idmançılarımızın öhdəsinə qalır. İnanıram ki, güləşçilərimiz qarşıdan gələn yarışlarda da uğurla çıxış edəcəklər. Mahir Əmiraslanov gənclər arasında dünya çempionu, İslamiadanın qalibidir. Hacı Əliyev olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionudur. Ağahüseyn Mustafayev beynəlxalq turnirlərdə özünü yaxşı tərəfdən göstərib. Hacımurad Ömərov bu il 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub. Cəbrayıl Həsənov komandanın liderlərindəndir, Olimpiya mükafatçısı, Avropa çempionudur. Aleksandr Qostiyev Avropa çempionatının finalçısıdır. Aslanbek Alborovu iki turnirdə yoxladıq, ikisində də qızıl medal qazandı. Cəmaləddin Məhəmmədov zədəli olduğu üçün heyətdə yer almayıb. Hədəfimiz bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir. Proqnoz verməyi xoşlamıram. Yığmanın heyətində yetərincə tanınmış simalar var. Onlar ölkəmizi layiqincə təmsil edəcəklər. Dünya çempionatında heç kimə zəmanət vermək olmur. Sürprizlər də gözlənilir”.