cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

AFFA-nın "inkubatorları" və " Qarabağ"

24.08.2017 15:35 Oxundu 2136

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın uğurunu şərh edərkən belə deyib: “Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir".

Görəsən, bu uğur yazılmaqda olan hansı tarixin ilk sətirləridir. Premyer Liqada komandaların sayının 8-ə düşməsidirmi tarix? Futbolun ancaq paytaxta olmasıdırmı tarix? Klubların Müşahidə Şurası vsitəsi ilə nəzarət altına alınmasıdırmı tarix? Hələ ki, Azərbaycanın futbol tarixi AFFA-nın strategiyasını rədd edən klublar tərəfindən yazılır. Ən azından belə klubların sayını artırmaq lazımdır. AFFA özü də bu işdə maraqlı olmalıdır. Sponsorlara "Qarabağ" nümunə kimi təqdim edilməlidir ki, onlar da futbolla pul qazanmağın mümkün olduğuna inansınlar.

AFFA-nın klubları "inkubatorlaşdırmaq" planı ilə bu cür tarix yazmaq mümkündürmü? İnanmaq çətindir.

Doğrudür, bəzi ölkələr AFFA-nın strategiyasına yaxın olan planlarla futbolu inkişaf etdirməyə nail olublar. Amma həmin ölkələr bu planı bağlı qapılar arxasanda deyil, klublarla, futbol ictimaiyyəti ilə müzakirələrdən sonra qəbul ediblər. Bizdə isə hədəfi bəlli olmayan Müşahidə Şuraları antiuğur vasitəsinə çevrilirlər.

"Qarabağ"ın inkişaf strategyası digər klublar və AFFA üçün də nümunə ola biləcək qədər əhəmiyyətlidir. Yəni Azərbaycan furtbolunda qazanılan bu uğur, indi çox yerdə deyildiyi kimi, bütünlüklə futbol təsərrüfatının deyil, bir klubun uğrlu işinin nəticəsidir.

Əslində "Qarabağ"ın zəfəri AFFA-nın strategiyasının iflasını göstərir. AFFA-nın "inkubatorlaşdırdığı" klubların hamısı geriyə doğru addımlayır. Bu planı qəbul etməyən "Qarabağ" və "Qəbələ" isə zəfərlər qazanır.