cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Neftçi”: ilk çempionluqdan 25 il ötür

24.10.2017 16:30 Oxundu 4122

"Neftçi”nin ilk Azərbaycan çempionluğunu rəsmiləşdirdiyi gündən 25 il ötür.

"Cempion.az" klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” 1992-ci ilin bu günü tarixi uğura imza atıblar.

"Turan”la 1:1 hesablı heç-heçə “Neftçi”nin sona 1 tur qalmış çempionluğu rəsmiləşdirməsinə kifayət edib. Respublika stadionunda 5000 tamaşaçının izlədiyi oyunun 42-ci dəqiqəsində Samir Ələkbərov hesabı bərabərləşdirməklə "Neftçi”yə "qızıl”ı gətirən xalı qazandırıb.

Hazırda "Neftçi”nin məşqçilərindən olan İqor Getman həmin çempionluqda əsas pay sahiblərindəndi. Müdafiəçi həmin çempionatda 28 oyunda meydana çıxıb, 1 qol vurub. Digər məşqçi Novruz Əzimov isə mayın 8-də keçirilmiş ilk turda meydana çıxsa da, həmin gün Şuşanın işğal edilməsindən sonra könüllü olaraq cəbhəyə yollanmaq qərarına gəlib. Mövsümdə cəmi 1 oyun keçirməsinə baxmayaraq, AFFA-nın qərarına əsasən, Novruz Əzimova da ilk çempionatın qızıl medalı təqdim edilib. Bu haqda "Neftçi 70. Unudulmayan keçmiş” kitabında geniş bəhs olunub, Novruz Əzimov həmin mövsümün qəhrəmanı seçilib.


Kitabda Novruz Əzimovla bağlı xüsusi yazıdan bəzi hissələri təqdim edirik:

O, yaxşı futbolçu, dəyanətli insan olmaqla bərabər, həm də əsl vətənpərvər, millətçidi. O, könüllü olaraq cəbhə bölgəsinə yollanmış nadir futbolçularımızdandı...

Əzimov 1992-ci ildə ilk müstəqil Azərbaycan çempionatında bir görüş keçirdikdən sonra könüllü olaraq cəbhəyə yollandı. Laçın Özünümüdafiə Batalyonunun tərkibində Laçın, Kəlbəcər, Qubadlı istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Novruz bir neçə dəfə ölümlə üz-üzə qaldı. Həmin mövsüm "Neftçi”də bir oyun keçirməsinə baxmayaraq, bu mərdliyinə görə AFFA onu qızıl medalla təltif etdi və yaddaşlarda çempion-döyüşçü kimi qaldı. Çətin sınaqlardan keçən müdafiəçi yenidən futbola döndükdən və 1997-ci il mayın 28-də karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başladı.


Prezidenti Aydın İbrahimov, rəisi Çingiz İsmayılov və baş məşqçisi Əhməd Ələsgərov olan komandaya çempionluğu bu futbolçular qazandırıb: Dmitri Kramarenko, Etibar Şükürov, Əsgər Abdullayev, Emin Ağayev, İqor Getman, Arif Əsədov, Vladislav Nosenko, Faiq Cabbarov, Zaur Babayev, Ramazan Ağayev, Novruz Əzimov, Rasim Abuşov, Mais Əzimov, Yunis Hüseynov, Ərani Beydiyev, Bəxtiyar Musayev, Təbriz Həsənov, Elşən Qəmbərov, Rauf Bayramov, Samir Ələkbərov, İlham Qəmbərov, Nurəli Əsədov.