çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ" bu gün "Çelsi"ni qəbul edəcək

22.11.2017 10:44 Oxundu 3852

Bu gün “Qarabağ” komandası tarixində ilk dəfə vəsiqə qazandığı Çempionlar Liqasının qrup mərhələsində sonuncu ev oyununa çıxacaq.

Ağdam təmsilçisi İngiltərə çempionu “Çelsi”ni qəbul edəcək.

Bakı Olimpiya Stadionunda üz-üzə gələcək kollektivlər qitənin ən nüfuzlu klub turnirində fərqli qrafik cızmaqdadırlar. Cari mövsümə evdə “Qarabağ” üzərində 6:0 hesablı qələbə ilə başlayan London təmsilçisi, daha sonra İspaniyada “Atletiko”nu üstələyib. Lakin “zadəganlar”ın İtaliya “Roma”sı ilə işləri düz gətirməyib. İngilislər baş məşqçiləri Antonio Kontenin həmyerliləri ilə duellərdən 1 xalla ayrılıblar. Evdə “canavarlar”la 3:3-lük heç-heçə edən “Çelsi”, rəqib meydanında 3 cavabsız qolla yenilib.

“Qarabağ” isə “Çelsi”nin ardından evdə “Roma”ya 1:2 hesabı ilə məğlub olandan sonra meydanı xalsız tərk etməyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Atletiko”ya qənim kəsilib – 0:0 və 1:1.

“Qarabağ” 1/8 finala yüksəlmək şansını saxlamaq üçün mütləq qalib gəlməlidir. Əldə olunacaq 3 xal 3-cü yeri tutaraq, Avropa Liqasına düşmək baxımından da önəmlidir. Ağdam klubu heç-heçə sayəsində də qitənin ikinci dərəcəli turnirinə yollamaq ümidini qoruya bilər. Lakin bunun üçün V turda “Roma”nın səfərdə “Atletiko”ya qalib gəlməsi, ən pis halda heç-heçə etməsi şərtdir.

“Qarabağ” “Çelsi”yə uduzsa və “Atletiko” “Roma”nı üstələsə, Azərbaycan çempionunun qrup sonuncusu olması rəsmiləşəcək.

Çempionlar Liqası

V tur, C qrupu

22 noyabr

21:00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə)

Baş hakim: Manuel De Souza

Baş hakimin köməkçiləri: Alvaro Mesquita, Rikardo Santos

Dördüncü hakim: Nuno Pereyra

Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu