cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“Başakşehir” Arda Turanı təqdim edib

15.01.2018 13:30 Oxundu 2785

İspaniyanın “Barselona” komandasının futbolçusu Arda Turanın Türkiyənin “Başakşehir” klubuna keçidi rəsmiləşib.

İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalayıb.

İmzalama mərasimində iştirak edən "Başakşehir"in prezidenti Göksel Gümüşdağ transferin detallarını açıqlayıb. O bildirib ki, Turan "Barselona"dan pulsuz icarəyə götürülüb. Şərtlərə əsasən, təcrübəli yarımmüdafiəçi cari mövsüm üçün 2 milyon avro + bonus alacaq. Növbəti mövsümdə onun maaşı 4 milyon avro təşkil edəcək.

Kataloniyalılar Ardanı 2019-cu ildə başqa kluba satsalar, əldə olunan vəsaitin 20 faizini, satış 2020-ci ildə olarsa, 25 faizini "Başakşehir"ə verəcək. İstanbul klubu cari mövsümdə çempion olarsa, "Barselona"ya 300 min avro bonus ödəyəcək.

A.Turan yeni komandasında 14 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya keçən Arda Turan cari mövsümdə meydana çıxmayıb. "Başakşehir" Türkiyə Super Liqasının geridə qalan 17 turundan sonra 36 xalla liderdir. Report