çərşənbə, 17 aprel 2024

BİZİM FUTBOL

Amil Yunanov: “Sumqayıt”ın finala çıxması mənim qol vurmağımdan önəmlidir" - MÜSAHİBƏ

11.04.2018 13:58 Oxundu 3321

“Sumqayıt” komandasının futbolçusu Amil Yunanovun “Report”a müsahibəsi

- Komandanız Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” ilə səfər matçında da yenilməməklə məğlubiyyətsizlik seriyasını 10 oyuna çatdırdı. Bu cür yüksəlişi nə ilə əlaqləndirərdiniz?

- Son iki turda çox ağır görüşlərimiz oldu. Səfərdə “Qəbələ” və “Neftçi” kimi komandalarla qarşılaşdıq. Sevindirici haldır ki, hər iki görüşdə məğlub durumda olsaq da, əzmkarlıq göstərdik və 1 xal əldə etməyi bacardıq. Bununla belə, həmin matçlarda hədəfimiz qələbə qazanmaq idi. Lakin rəqiblərin kimliyini göz önünə alsaq, heç-heçə də pis nəticə sayılmamalıdır. Ən azı, məğlub olmamalı idik. Çünki uduzsaydıq, “Neftçi” turnir cədvəlində bizə yaxınlaşacaqdı. Bu uğurlu çıxışın davamını gətirmək və avrokuboklara düşmək istəyirik. Qarşıda Azərbaycan Kubokunun yarımfinal qarşılaşmaları var. Ən yaxın hədəf finala vəsiqə qazanmaqdır.

- Komandanız uğurlu çıxış etsə də, əsas hücumçu olmağınıza rəğmən, artıq bir aydır qol vurmursunuz. Sonuncu dəfə martın 10-da “Səbail”i səfərdə 1:0 hesabı ilə üstələdiyiniz görüşdə rəqib qapısına yol tapmısınız. Bu durğunluğu nə ilə əlaqələndirərdiniz?

- Komandamız uğurlu çıxış etdikcə, rəqiblər də bizimlə oyunlara daha ciddi yanaşırlar. Hücumçunun işi qol vurmaqdırsa, müdafiəçinin də vəzifəsi bunun qarşısını almaqdır. Bu, hər bir hücumçunun üzləşəcəyi haldır. Zamanla qol vurmaq baxımından durğunluq olur. Lakin önəmli olan komandamızın xal qazanması, uduzmamasıdır. Meydanda əlimdən gələni edirəm. Əlbəttə, qol vurmağı özüm də istəyirəm. Cari çempionatda 8 dəfə fərqlənmişəm. Bunun davamını gətirib, həm “Sumqayıt”a kömək etmək, həm də bombardir olmağım mümkündür. Üzərimizdə böyük məsuliyyət var. Komandanın hər bir futbolçusu üzərinə düşəni etmək üçün maksimum güc sərf edir. Çox mübariz və mehriban kollektivə, gözəl məşqçi heyətinə sahibik. Əziyyətimizin bəhrəsini görəcəyimizə inanıram.

- Qış fasiləsində daha çox Azərbaycan Kuboku barədə düşünürdünüzsə, indi vəziyyət dəyişib. Hazırda “Sumqayıt” Premyer Liqada 36 xalla 3-cü pillədə qərarlaşıb və bürünc medalın sahibi kimi də Avropa Liqasına vəsiqə qazana bilərsiniz...

- Həmin vaxt 3-cü pillədə qərarlaşan “Zirə” ilə aramızda 10 xallıq fərq vardı. Ardıcıl qələbə və heç-heçələrdən sonra özümüzə inam gəldi. Paralel olaraq, “Zirə”nin xal itkilərinə yol verməsi bizim onları qabaqlamağımızla nəticələndi. Lakin hələ heç nə bitməyib. Cəmi 1 xal öndəyik ki, bu da cüzi üstünlükdür. Qarşıdakı 6 turda hər şey ola bilər. Çox diqqətli olmalıyıq. “Zirə”dən fərqli olaraq, biz iki cəbhədə mübarizə aparırıq. Bizim işimiz daha çətindir.

- “Zirə”nin qış fasiləsindən sonra eniş yaşaması sizin üçün gözlənilməz olmadı?

- Əlbəttə, belə olacağını təxmin etmirdim. “Zirə” yaxşı komandadır. Elitada olduqları müddətdə daim yüksək yerlər uğrunda mübarizə aparıblar. İndi də mükafatçılar sırasına düşə bilərlər.

- Aprelin 12-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Keşlə”nin qonağı olacaqsınız. Bu görüş barədə nə deyə bilərsiniz?

- “Keşlə” çox mübariz komandadır. Premyer Liqada 7-ci pillədə qərarlaşmaları onların real güclərinin göstəricisi deyil. Rəqibin çempionatda heç bir hədəfi qalmadığı üçün bütün planlarını kuboka görüb. Onlar neçə vaxtdır yalnız bu yarış barədə düşünürlər və yaxşı kökləniblər. Avrokuboka vəsiqə qazanmaq üçün yeganə şansları kubokdur. Çətin, eyni zamanda maraqlı görüş olacağını düşünürəm. Biz də öz gücümüzə inanırıq. Hədəfimiz kuboku qazanmaqdır. Lakin ilk növbədə, “Keşlə” səddini keçməliyik.

- Maraqlıdır ki, ardıcıl 3 oyununuz “Keşlə”yə qarşı olacaq. Premyer Liqanın XXIII turunda da bu rəqiblə üzləşəcəksiniz...

- Bəli, hər üç matç bizim üçün önəmlidir. Bayaq da qeyd etdiyim kimi, rəqibdən fərqli olaraq, kubokla yanaşı, çempionatı da düşünürük. Hər iki cəbhədə uğur qazanmaq istəyirik. Bizim üçün həlledici həftələr olacaq.

- Cavab matçını evdə keçirməyiniz sizin üçün üstünlükdür?

- Müəyyən mənada üstünlük ola bilər. Komandaların arasında səviyyə baxımından fərq yoxdur. Bu isə o deməkdir ki, ilk oyunda tərəflərdən hansınınsa böyük üstünlük əldə etməsi çətin məsələdir. Yarımfinalçının Sumqayıtda müəyyənləşməsi bizim üçün cüzi üstünlük sayıla bilər. Səfərdən sərfəli nəticə ilə qayıtmağımız önəmlidir.

- Premyer Liqa ilə yanaşı, Azərbaycan Kubokunda da bombardir ola bilərsiniz. Ən çox qol vuran futbolçu “Qəbələ”nin legioneri Filip Ozobiçdir. Xorvatiyalı futbolçu 4, siz isə 3 dəfə fərqlənmisiniz...

- Bombardir olmaq hər zaman xoşdur. Şablon görünə bilər, amma mənim üçün əsas hədəf komandanın uğurudur. “Sumqayıt”ın finala çıxması mənim qol vurmağımdan önəmlidir. Kim fərqlənir-fərqlənsin, təki uğur qazanaq. Məqsədimiz “Sumqayıt” tarixində ilk dəfə avrokuboka vəsiqə qazanmaqdır.

- Finala vəsiqə qazansanız, “Qəbələ”yə, yoxsa “Neftçi”yə rəqib olmaq istərdiniz?

- Fərqi yoxdur, hər ikisi güclü rəqibdir. Bu cür böyük oyunlarda təcrübəyə malikdirlər. “Keşlə”ni keçək, finalda favorit olmur.

- Kamran Quliyevin bir müddət əvvəl “Sumqayıt”ın prezidenti postunu tərk edərək, “Neftçi”də anoloji posta təyin olunmasından sonra komandanızın bəzi futbolçularının da eyni marşrut üzrə hərəkət edəcəkləri söylənilir. “Neftçi”yə keçəcəyi deyilənlərdən biri də sizsiniz. Bu, nə dərəcədə doğrudur?

- Belə bir təklif almamışam və bu haqda düşünmürəm də. Yalnız “Sumqayıt”ın qarşıdakı oyunları barədə fikirləşirəm. Bu cür söhbətlər mövsüm bitəndən sonra ola bilər.