cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Almaniya klubunun azərbaycanlı bombardiri zədə üzündən çempionatı erkən başa vurub

12.04.2018 10:48 Oxundu 2649

Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov mövsümü erkən başa vura bilər.

“Report” WN nəşrinə istinadən xəbər verir ki, Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında (IV Divizion) Berlin "Dinamo"sunun formasını geyinən 28 yaşlı hücumçunun dizində çat aşkarlanıb. Komandasının XXVII turda “Halberştadt” üzərində 4:2 hesablı qələbə qazandığı görüşdə "dubl" etməklə yanaşı, dizindən xəsarət alan forvardın 4 – 6 həftə oynaya bilməyəcəyi müəyyənləşib.

Çempionata mayın 12-də yekun vurulacağından, Dadaşov həmin müddətə qədər bərpasının çətin olacağını söyləyib: “Sol dizimin daxilində çat var. Ən yaxşı halda mayın 21-də Berlin zonası üzrə kubokun finalında oynaya bilərəm”.

“Dinamo” kubokun yarımfinalında “Tennis Borussiya” ilə qarşılaşacaq. Qalibin bir matçla müəyyənləşəcəyi duel aprelin 18-də olacaq.

Qeyd edək ki, Rüfət Dadaşov artıq Almaniyanın III Liqasında çıxış edən “Proyssen Myunster” klubu ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasına cari mövsüm başa çatandan sonra qoşulacaq. Azərbaycan yığmasına yenidən dəvət alması gündəmdə olan forvard hazırda Regional Liqanın bombardiridir. Onun hesabında 26 qol var.