çərşənbə axşamı, 23 aprel 2024

MÜSAHİBƏ

“Qarabağ” hər oyuna qələbə üçün çıxan komandadı” - MÜSAHİBƏ

27.04.2018 14:16 Oxundu 3278

“Zirə”nin serbiyalı yarımmüdafiəçisi Milan Duriçin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XXV turunda bu gün “Qarabağ”la qarşılaşacaqsınız. Cəzalı olduğunuz üçün oyunu buraxacaqsınız. Komandanın şansını necə qiymətləndirirsiniz?

- Təəssüf ki, bu görüşdə iştirak edə bilməyəcəm. Ancaq komandamın uğur qazanacağına inanıram. Fikrimcə, “Kəpəz”lə, həmçinin “Qəbələ” ilə ev matçındakı oyunu təkrarlaya bilsək, uğurlu nəticə qazanmaq şansımız daha çox olacaq.

- “Qarabağ”ın çempionluğu rəsmiləşdirməsi bu gün işinizi asanlaşdırmayacaq?

- Məncə, bunun elə bir təsiri yoxdu. Düşünmürəm ki, “Qarabağ”ın çempionluğu təmin etməsi bizim işimizi asanlaşdıracaq. Çünki “Qarabağ” hər oyuna qələbə üçün çıxan komandadı.

- Heyətinizdə ciddi itkilər var. Bu amilin nəticəyə təsiri ola bilərmi?

- Bu, bizim üçün böyük problemdi. Ancaq nə etmək olar? Komanda meydana çıxıb, maksimum gücü ilə mübarizə aparmalıdı.

- Mövsümün ikinci yarısında qələbə üzü görməmisiniz. Qış fasiləsindən sonra “Zirə”də nə baş verir?

- Bu, futboldu, belə halların olması normaldı. Bəzi oyunlarda qələbə qazanmağa çox yaxın olsaq da, ələ düşən real şansları qaçırmışıq.

- Mövsümün gedişində çoxları “Zirə”nin 2-ci yeri tutacağını düşünürdü. Lakin hazırda 5-ci pillədə qərarlaşmısınız. Razısınız ki, Avropa Liqasına vəsiqə şansınız get-gedə çətinləşir?

- Mövsümün sonuna hələ 4 oyunumuz qalıb. Avropa Liqasına vəsiqə şansımız davam edir. Bunun üçün sona qədər mübarizəmizi davam etdirəcəyik. Çünki bunu bacaracaq heyətə sahibik.

- Ancaq baş məşqçiniz Ayxan Abbasov yalnız son turda texniki zonadakı yerini tuta biləcək. Baş məşqçisiz hədəfə çatmaq nə dərəcədə realdı?

- Bu, hər kəs üçün çətindi. Çünki baş məşqçi texniki zonada olanda futbolçulara daha asan olur. Ancaq istənilən halda son 4 matçda maksimum nəticə göstərməyə çalışmalıyıq.

- Ötən turda “Keşlə” ilə matçda fərqlənərək, cari mövsümdə penaltidən 3-cü qolu vurdunuz. Penalti zərbələrini dəqiq yerinə yetirməyinizin sirri nədədi?

- Açığı, bilmirəm. Bəlkə də, qərarlılıq və həlledici zərbə düşüncəsi dəqiq olmağımda böyük rol oynayır.

- Karyeranız ərzində Serbiya, Makedoniya, Polşa və Xorvatiyada da oynamısınız. Azərbaycan çempionatını onların liqalarından nə fərqləndirir?

- Azərbaycan çempionatında 8 komanda mübarizə aparır. Burdakı sistem daha əvvəl oynadığım ölkələrdən fərqlidi. Həmçinin klubların nəticələri də.

- Fanatların çılğınlığı ilə seçilən Serbiyadan fərqli, Topaz Premyer Liqasının oyunlarına çox az sayda azarkeş gəlir. Bu amil sizi həvəsdən salmır?

- Əlbəttə ki, stadionda çoxlu sayda azarkeş olanda, bu, səni əlindən gələni etməyə ilhamlandırır, əlavə motivasiya verir. Belə vəziyyətdə oynamaq daha yaxşıdı.

- “Zirə” ilə müqavilə müddətiniz bitmək üzrədi. Gələcəklə bağlı qərarınızı vermisinizmi?

- Düzdü, müqavilə müddətim başa çatır. Hələlik klubdan yeni sazişlə bağlı təklif almamışam. Bu barədə hələ söhbətimiz olmayıb.

- Başqa təkliflər varmı?

- Bəli, var. Amma mən “Zirə”də birlikdə çalışdığım insanları sevirəm. Burda heç kimlə problemim olmayıb.