cümə, 19 aprel 2024

GÜLƏŞ

İki qadın güləşçimiz Avropa çempionatında yarımfinala çıxıb

02.05.2018 15:53 Oxundu 3556

Azərbaycanın iki qadın güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb. “Report” xəbər verir ki, bunlar olimpiya mükafatçısı, dünya və altıqat Avropa çempionu Mariya Stadniklə Səbirə Əliyevadır. 50 kq çəki dərəcəsində çıxış edən Stadnik mübarizəyə 1/8 finaldan başlayıb. 30 yaşlı pəhləvan ilk görüşdə almaniyalı Jakelin Şellinə, ardınca isə rusiyalı Milana Dadaşevaya qalib gəlib. O, finala gedən yolda belaruslu Kseniya Stankeviçlə qarşılaşacaq. 76 kq çəkidə yer alan Əliyeva isə mübarizəyə 1/4 finaldan başlayıb. Macarıstanlı Janett Nemeti məğlub edən güləşçi yarımfinalda rusiyalı Yekaterina Bukina ilə üz-üzə gələcək. Bu gün keçirdikləri ilk görüşlərdə məğlub olan Azərbaycanın digər xanım pəhləvanları Solmaz Həşimzadə (55 kq), Tatyana Omelçenko (59) və İrina Netrebanın (68 kq) isə bürünc medal qazanmaq şansları var. (Report.az)