cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Kamrana deyin, “Neftçi”nin adını dəyişib “Sumqayıt” qoysun”

11.05.2018 17:32 Oxundu 1908

Kamran Quliyev cəmi 3 aydı “Neftçi”nin prezidenti vəzifəsini icra etməsinə baxmayaraq, klubun azarkeşləri indidən onun fəaliyyətini müzakirəyə çıxarıblar. Apasport.az saytının məlumatına görə, “Neftchi Baku [Fan Page]” feysbuk səhifəsi paytaxt klubunda baş verənləri daim gündəmdə saxlayır, fanatlarla sorğu keçirir.

Ən çox müzakirə mövzusu baş məşqçi məsələsidi. Klub rəhbərliyinin Tərlan Əhmədova süni maneələr yaratmaq cəhdləri “ağ-qaralar” tərəfindən kəskin şəkildə pislənir. Xüsusən də, Əhmədovun yerinə Samir Əliyev və Şahin Diniyevlə danışıq aparılması fanatların narazılığına səbəb olub.

Bu mənada Diniyevin mümkün gəlişinə reaksiya verən “Neftçi” sevdalıları “Diniyev gəlsə, yəqin küçə futbolunun incəliklərini öyrədəcək”, “Şahin gəlsə, “Neftçi” bərbad oyun oynayacaq. İndiyə kimi bir uğuru yoxdu”, “Şahin Diniyev gəlsə, “Neftçi” futboldan başqa nə desən oynayacaq”, “Şahin gəlsə, özümü asacam”, “Şahin gəlsə, deməli, bilə-bilə edirlər ki, “Neftçi” qabağa gedə bilməsin” kimi fikirlər səsləndirirlər.

Bəziləri Samir Abasovun klubuna sadiq qalmasını alqışlayırsa, bəziləri Tərlan Əhmədovun nəyin bahasına olursa-olsun saxlanılmasının tərəfdarıdı. Bu mənada “Avrokuboku bəhanə etmək lazım deyil, ona şans vermək və dəstəkləmək lazımdı”, “Tərlan müəllimə normal oyunçu versələr, çempionluğa oynayar. Qalanlarına məşqçi deməyə adamın dili gəlmir”, “Komandanın avrokuboklara bu il düşməməsi Tərlan Əhmədovun günahı olmaz, keçmiş rəhbərləri məhkəməyə verib, onları cəzalandırmaq lazımdı (havayı maaş alıblar)”, fikri yürüdənlər çoxluq təşkil edir.

“Ya Tərlan Əhmədov, ya da əcnəbi məşqçi” tələbi qoyanlar da var və onlar bu posta başqa azərbaycanlı mütəxəssisin gəlişinin “Neftçi”ni uçuruma sürükləyəcəyi qənaətindədi.

“Kamran Quliyevin işi sizi qane edirmi?” sorğusuna reaksiya da kifayət qədərdi. Bir qrup azarkeş buna qiymət verməyin hələ erkən olduğunu fikirləşir. Amma əksəriyyət onun fəaliyyətindən narazılığını açıq şəkildə dilə gətirib. Onlardan bəzilərini təqdim edirik:

- “Tərlana qarşı haqsızlıq etməsi, işlərinə qarışması, tanışlarını “Neftçi”yə yığması, azarkeş səhifəsində rəhbəri olduğu komandanın məşqçisinin əleyhinə səs verməsi, 21 illik azarkeş kimi iradımı oxuyub məni bloka atması onu göstərir ki, o, hələ böyük rəhbər kimi yetişməyib”.

- “Kamran indi bütün “Neftçi” işçilərinə tapşırıq verəcək ki, girin, mənə səs verin, guya babat prezidentəm”.

- “Nə edib ki, nəyindən razı olaq? Pis cəhəti odu ki, dedi-qodu çoxalıb daxildə”.

- “Xeyr, razı deyiləm. Bir klub rəhbəri baş məşqçinin qabaqcadan getməsini sorğuda bildirirsə, lazım deyil... Klubu daha peşəkar adamlar idarə etməlidi. Ceyhun Sultanova söz deyə bilmərəm, adam Mustivarı gətirdi, səviyyəsindən söz etdirdi”.

- “Kamran gələndən dedi-qodular çoxalıb. Bir də baş məşqçinin işlərinə qarışır. Tərlan Əhmədovu göndərsə, onun vəziyyəti lap ağır olacaq”.

- “Son 3-4 mövsümdü “Neftçi” idarəçiləri bizi xəstəliyə vadar edib. Nə ediblər ki, işlərindən razı qalaq? Gör, nə günə qalmışıq ki, 4-cü yer üçün oynayırıq. Sizi qane edirsə, ya futboldan başınız çıxmır, ya da futbola təzə baxırsız”.

- “İki mühüm oyunöncəsi klubunun baş məşqçisi əleyhinə səs verməsi qeyri-peşəkar, öz maraqlarını klub maraqlarından üstün tutan bir şəxs olduğunu göstərdi. Çox təəssüf”.

- “Axırda səsverməyə baxarsız, birdən özünə səs verər”.

“Neftçi” rəhbərliyinin transfer siyasəti də fanatların ürəyincə deyil. Faruk Miya və Dario Federiko məsələsinə münasibət bildirən futbolsevərlər onları “Neftçi”yə layiq saymırlar. Rəylər arasında “Nə oldu, komandaların tör-töküntüləri “Neftçi”yə qalıb? Başqa səviyyəli oyunçu tapa bilmirlər?”, “Deyəsən bu dəfə say çoxluğundan pul “tutmaq” istəyirlər. Ucuz oyunçular alınacağından, gəlir azalıb. Ehtiyat oyunçular skamyasını böyüdəcəklər”, fikirləri diqqətdən yayınmayıb.

Kamran Quliyevin sabiq klubu “Sumqayıt”ın oyunçularına “elçi düşməsi” də birmənalı qarşılanmır. Azarkeşlərdən birinin “Daha ordan Kamrana deyin, “Neftçi”nin adını dəyişib “Sumqayıt” qoysun”, yazması daha çox diqqət çəkir. Fanatlardan biri isə bu məsələyə reaksiya verərkən “Neftçi”ni Moskva “Spartak”ı ilə müqayisə edib: “Baş məşqçi Tərlan Əhmədovsuz atılan addımları pisləyirəm. Yox, kimsə özü baş məşqçi olmaq xatirinə heyət yığırsa, ar olsun... Bu necə qeyri-peşəkar seleksiyadı. “Torbada pişik” var? Unutmayın, siz “Spartak” deyilsiniz. Amma azarkeşlər onların azarkeşlərindən on qat dəlidi”.