şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək

12.05.2018 09:11 Oxundu 1630

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. Həftənin bir matçı fərqli saatda keçiriləcək. Bu da “Qarabağ”ın çempionluğu təmin etməsi, “Keşlə”nin isə heç bir iddiasının qalmaması ilə bağlıdır. Digər üç qarşılaşma isə həm mükafatçıların müəyyənləşməsi, həm də Avropa Liqasına vəsiqə qazanmaq baxımından önəmlidir.

Çempionatın başa çatmasına bir tur qalmış gümüş və bürünc medalların sahibi bəlli ola bilər. Bunun üçün “Sumqayıt” “Qəbələ”yə qalib gəlməli, “Neftçi” “Səbail”ə uduzmalı, “Zirə” isə “Kəpəz”lə dueldə xal itirməlidir. Belə olacağı halda, “qırmızı-qaralar” ikinci, Sumqayıtın eyni adlı təmsilçisi isə üçüncü yeri təmin edəcək. Lakin bu ssenarinin reallaşacağı elə də inandırıcı görünmür.

Hazırda 46 xalla 2-ci pillədə qərarlaşan “Qəbələ”yə mövqeyini qorumaq üçün 1 xal da kifayətdir. “Neftçi”nin evdə xal itirməsi də “qırmızı-qaralar”ın işinə yarayacaq. “Sumqayıt” isə tarixində ilk dəfə avrokuboka düşmək arzusunu gerçəkləşdirmək şansını qorumaq üçün mütləq qalib gəlməlidir.

Eyni sözlər “Sumqayıt”la eyni – 40 xala malik “Neftçi”yə də aiddir. Dördüncü sırada yer alan “ağ-qaralar” çempionatda heç bir iddiası qalmayan “Səbail”i üstələməklə, Avropa Liqasına düşmək yolunda önəmli addım atmış olacaqlar.

“Zirə”nin taleyi öz əlində olmasa da, şans hələ də var. Hazırda 38 xalla 5-ci pillədə lövbər salan qəsəbə klubu I Diviziona düşməsi rəsmiləşən “Kəpəz”i məğlub edib, “Sumqayıt” və “Neftçi”nin xal itirməsinə ümid etməlidir.

Azərbaycan Premyer Liqası

XXVII tur

12 may (şənbə)

17:00. “Keşlə” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. “İnter Arena”

İlk üç dövrə - 0:1, 0:2, 1:1

19:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Sumqayıt. “Kapital Bank Arena”

İlk üç dövrə - 0:1, 0:1, 1:1

19:00. “Neftçi” – “Səbail”

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Məlik Həsənov

Bakı. “Dalğa Arena”

İlk üç dövrə - 0:1, 4:0, 2:0

19:00. “Zirə” – “Kəpəz”

Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Kərim Ağayev

Bakı. Zirə İdman Kompleksinin stadionu

İlk üç dövrə - 3:0, 3:0, 0:0

(Report)