çərşənbə axşamı, 17 iyul 2018

Menu

çərşənbə axşamı, 17 iyul 2018

BIZIM FUTBOL

"Ronaldonun gücü tükənəndə Portuqaliya mundialı tərk edəcək" - Təmkin Xəlilzadə

22.06.2018 11:33

Təmkin Xəlilzadə " src="http://qol.az/img/pics/large/100689.jpg" style="float:left; width:480px" />


"Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə müsahibə verib. Komandasının hazırlıq prosesini və püşkin nəticəsini dəyərləndirən futbolçu Rusiyada keçirilən dünya çempionatı ilə bağlı da fikirlərini açıqlayıb.


- Artıq Sloveniyada təlim-məşq toplanışına start vermisiniz. Hazırlıq necə gedir?

- Hər şey qaydasındadır. Hazırlığımız super keçir. Avroliqa oyununa hazırlaşırıq.

- Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibiniz Lüksemburqun "Proqres" klubu olacaq. Püşkü necə dəyərləndirirsən?

- Rəqibimiz haqda elə də geniş məlumatım yoxdur. Amma bildiyimə görə, ötən mövsüm "Qlazqo Reyncers"i mübarizədən kənarlaşdırıblar. Bu da onların gücündən xəbər verir. Ötən mövsüm çempionatda 2-ci yeri tutublar. Sona 2 tur qalmış çempionluq şanslarını itiriblər. 3-cü pillədəki komandanı isə 16 xal qabaqlayıblar. Sadəcə onu deyə bilərəm ki, bizi çox ağır 2 oyun gözləyir. Matça ciddi hazırlaşırıq.

- Mövsümün sonunda Roman Qriqorçukla yanaşı, bəzi aparıcı futbolçular "Qəbələ"ni tərk etdi. Bu, amil Avroliqa oyunlarında komandaya nə dərəcədə təsir edə bilər?

- Düzdür, komandadan gedənlər oldu. Amma mən həmişə demişəm ki, heç kim əvəzedilməz deyil. "Qəbələ"də onların yerini doldura biləcək oyunçular var. İnanıram ki, hər şey yaxşı olacaq.

- "Qəbələ" üçün əsas itki ötən mövsümün bombardiri Baqali Dabonun gedişi oldu. Fransalı hücumçu klub rəhbərliyinə yeni müqavilə ilə bağlı söz versə də, Bakıya qayıtdıqdan sonra "Neftçi"yə keçdi. Maraqlıdır, Dabonun hərəkətini sən necə qarşıladın?

- Açığı, Dabonun komandada qalacağını düşünürdüm. Saytlardan xəbəri oxuyanda mənim üçün də gözlənilməz oldu. Amma bu, futboldur. Dabonun seçiminə hörmətlə yanaşmaq lazımdır. Ona gələcək komandasında uğurlar arzu edirəm.

- Yəqin ki, dünya çempionatını izləyirsən...

- Hə, əlbəttə izləyirəm.

- Hansı komandaya azarkeşlik edirsən?

- Mən 14 yaşımdan İspaniyaya azarkeşlik edirəm.

- Niyə məhz İspaniya?

- Çünki onların oyun tərzi həmişə xoşuma gəlib. Həm də bir az "Barselona" amili var.

- İspanların mundialdakı çıxışı səni qane edir? İlk oyunda Portuqaliya heç-heçə etdilər. Dünən isə İrana çətinliklə qalib gəldilər...

- Razıyam, dünya çempionatına bir az pis başlayıblar. Amma onların çempion olacağına çox inanıram və bunu səbrsizliklə gözləyirəm.

- Necə düşünürsən, İspaniya millisinin dünya çempionatına yaxşı başlamamasına mundialın startına 2 gün qalmış baş məşqçi dəyişikliyi etmələri səbəb ola bilərmi?

- Hardasa o da öz təsirini göstərə bilər. Amma İspaniya millisinin üzvləri top-klublarda oynayırlar və həddindən artıq peşəkar futbolçulardır. Baş məşqçi dəyişikliyinin o qədər də ciddi təsiri olduğuna inanmıram.

- Dünya çempionatının ümumi səviyyəsi haqda nə düşünürsən?

- Əladır, həddindən artıq maraqlı oyunlar izləyirik.

- Artıq bütün yığmalar mundialda ilk oyunlarını keçiriblər. Hətta A və B qruplarında 2-ci tura yekun vurulub. Bu günə qədər hansı komanda səni yaxşı və ya pis mənada təəccübləndirə bilib?

- Ruslardan bu qədər inamlı çıxış gözləmirdim. Çox yaxşı təsir bağışlayırlar. Məni ən çox təəccübləndirən isə Almaniya millisinin Meksikaya uduzması oldu. Heç kim onlardan bu cür start gözləmirdi. İngiltərə Tunisi son saniyələrdə məğlub etməsinə baxmayaraq, onların da oyunu çox xoşuma gəldi.

- Argentina millisinin kapitanı Lionel Messinin İslandiya ilə oyundakı çıxışı çox tənqid olundu. Səncə, ulduz futbolçunu qınayanlar haqlıdır?

- Messinin üstündə ağır yük, böyük təzyiq var. Ona görə də onun oyununun müzakirə olunması normaldır. Amma məncə, növbəti matçlarda həm Argentina yığması, həm də Messi öz oyununu tapacaq.

- Portuqaliya millisinin mundialdakı 4 qolunun hamısını Ronaldo vurub. Onun çıxışı haqda hansı fikirdəsən?

- Bunu bir cümlə ilə ifadə edə bilərəm ki, Ronaldonun gücü tükənəndə Portuqaliya mundialı tərk edəcək.

- Səncə, dünya çempionu olmağa əsas namizədlər hansı komandalardır?

- Əsas favorit kimi Almaniya, Braziliya və İspaniyanı görürəm. (Qol.az)

Oxundu: 155

© 2018 - NSPSOLUTIONS