cümə, 29 mart 2024

BİZİM FUTBOL

Afrikalı futbolçular Bakıya buraxılmadı - SƏBƏB

12.07.2018 19:01 Oxundu 3142

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunu üçün Bakıya gələn Macarıstanın “Uypeşt” klubu ciddi problemlə üzləşib. Komandanın iki futbolçusuna Heydər Əliyev adına Beynəlxalq Hava Limanında viza verilməyib.

Bunlar malili Alassan Diallo və nigeriyalı Obinna Nvobododur. Onlar bu gün səhər saat 6 reysi ilə Budapeştə geri qayıdıblar. Belə olan halda “Uypeşt”in serb baş məşqçisi Neboyşa Viqnyeviçin sərəncamında cəmi 17 futbolçu qalıb.

“Uypeşt” Bakı səfəri zamanı başqa problemlə də üzləşib. Komandanı çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə – Türkiyənin Bursa və Trabzon hava limanlarına eniş edib. Məhz buna görə, Budapeştdən yerli vaxtla saat 9:30-da yola düşən təyyarə Bakıya saat 18:40-da çatıb. Ölkəmizə gec çatdığı üçün komandanın dünən Mərdəkandakı “Dalğa Arena”da nəzərdə tutulan məşqi də baş tutmayıb. Həmçinin, baş məşqçinin mətbuat konfransı da ləğv olunub.

Bu barədə Budapeşt klubunun yarımmüdafiəçisi Daniel Naci fikirlərini bildirib: “Biz çox uzun, darıxdırıcı yol gəlmişik. Çox yorulmuşuq. Ancaq bütün çətinliklərə baxmayaraq, biz oyun günü ən yaxşı formamızda olacağıq”.

Xatırladaq ki, bu gün “Dalğa Arena”da keçiriləcək bu matç saat 21:00-da başlayacaq.