cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Qarabağ"ın rəqibinin prezidenti komanda üzvlərinə söz verdiyi mükafatı ödəməkdən imtina edib

23.07.2018 12:12 Oxundu 2480

UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniya “Kukesi”sinin prezidenti Safet Citsi komanda üzvlərinə söz verdiyi mükafatı ödəməkdən imtina edib. Albaniya mətbuatı xəbər verir ki, Kukesi şəhərinin eyni adlı təmsilçisinin rəhbəri ÇL-in I təsnifat mərhələsində Malta “Valletta”sını keçəcəkləri təqdirdə komanda üzvlərinə 100 min avro mükafat vəd edib. Lakin Albaniya çempionunun sərgilədiyi futbol Çitsinin ürəyincə olmadığı üçün fikrindən daşınıb. O, komandanın evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə etməklə mərhələ adlamasını qənaətbəxş saymadığını söyləyib.

Bildirilir ki, klub rəhbərinin narazılığına rəğmən, heyət üzvləri III təsnifat mərhələsində “Qarabağ”la ilk oyundək mükafatlarını və iyun ayı üçün nəzərdə tutulan maaşlarını alacaqlarına ümid bəsləyirlər.

Qeyd edək ki, “Qarabağ” “Kukesi” ilə ilk matçını səfərdə keçirəcək. İyulun 25-i “Loro Boriçi” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab oyunu isə avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil saat 21:00-da start götürəcək.(Report)