cümə, 29 mart 2024

BİZİM FUTBOL

Autsayder çempionu dayandırdı

18.05.2016 10:39 Oxundu 3585

5 görüşün cəmi 1-də qonaqlar qalib gəliblər ki, buna da “Sumqayıt” nail olub. Meydan sahiblərindən 3-nün qələbə qazandığı tur məhsuldarlığı ilə seçilib. Belə ki, ümumilikdə qapılara 18 top vurulub.

Doğma meydançasında “Kəpəz”lə xalları yarı bölən “Zirə” ən yaxın izləyicisi “İnter”in məğlubiyyətindən sonra axıra 1 tur qalmış gümüş mükafatı təmin edib. İndi qalır bürünc medalçının kimliyi ki, bu yerə də 3 namizəd var. Son tur öncəsi 3-cülüyə iddia edən “İnter”, “Kəpəz” və “Qəbələ” eyni sayda xala malikdirlər. AZAL-ın məğlubiyyəti və “Neftçi”nin növbəti qələbəsi avrokuboklara vəsiqə uğrunda mübarizədə “flaqman”ı bir addım önə keçirdi. Son turda “Sumqayıt” səfərində heç-heçə “flaqman”ın Avropa Liqasına yollanması üçün kifayət edəcək.

”Rəvan” gözlənilmədən çempion “Qarabağ”ı məğlub edərək son tur öncəsi autsayderliyi “Xəzər Lənkəran”a təhvil verib. Axırıncı turda bu komandaların dueli həlledici olacaq. Cənub klubu mövsümü son pillədə bitirmək istəmirsə, mütləq qələbə qazanmalıdır.

35-ci turda qeydə alınan nəticələrdən sonra aşağıdakı maraqlı statistik məqamlar ortaya çıxıb.

“Rəvan” - “Qarabağ” 2:1

Bu mövsüm

- “Rəvan” 3 oyunluq məğlubiyyət seriyasına son qoyub.

- “Sarı-qırmızılılar” son 3 ev qarşılaşmasının 2-dən qalibiyyətlə ayrılıb.

- Paytaxt klubu ardıcıl 4-cü matçda da qapısının toxunulmazlığını qoruya bilməyib.

- “Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyasına, nəhayət ki, son qoyulub. Ağdam klubu Premyer Liqada düz 15 matç idi ki, məğlubiyyət üzü görmürdü. 19-cu turda (31 yanvar) AZAL-a minimalhesablı (0:1) məğlubiyyətdən sonra başlayan uğurlu seriyaya 3 ay yarımdan sonra autsayder “Rəvan” son qoyub.

- Bununla yanaşı, “köhlən atlar”ın ardıcıl qələbə seriyası da 11 oyundan sonra dayanıb. Buna qədər ağdamlılar axırıncı dəfə 23-cü turda “İnter”lə qarşılaşmada (1:1) büdrəmişdilər.

- Bunun fonunda Qurban Qurbanovun yetirmələri ardıcıl 16 görüşdür ki, rəqib qapılarına yol tapa bilirlər.

- Ölkə kubokunun yarımfinal mərhələsindəki görüşlər də daxil olmaqla, “Qarabağ” həm də 6 oyundan sonra ilk dəfə qapısında qol görüb.

- Qış fasiləsindən sonra ikinci məğlubiyyətini alan çempion hər iki yenilgini səfərdə “dadıb”. Komanda buna qədər 2016-cı ildə ilk və son məğlubiyyətini AZAL səfərində almışdı. Qurban Qurbanovun yetirmələri iki məğlubiyyət arasında qonaq olduğu 7 matçın 6-da qələbə qazanmış, 1-də heç-heçə etmişdi.

- Bununla “Qarabağ”ın həm də 5 oyunluq səfər qələbəsi seriyası qırılıb.

İki komandanın duelində...

- “Rəvan” tarixində ilk dəfə “Qarabağ” üzərində qələbə qazanıb. 2011-ci ildən bəri üz-üzə gələn komandalar buna qədər 11 dəfə qarşılaşmış və bunun yalnız 4-də bakılılar heç-heçəyə sevinmişdilər.

- “Rəvan” eyni zamanda “Qarabağ”ın ardıcıl 5 oyunluq qələbə seriyasını da dayandırıb.

- Bakılılar bu rəqibə qarşı indiyə qədər evdə keçirdiyi 6 matçın hamısında qol buraxıb.

“Xəzər Lənkəran” - “Sumqayıt” 1:2

Bu mövsüm

Qalibiyyətsiz oyunlar seriyasını 24-ə yüksəldən “Xəzər Lənkəran” öz antirekordunu yeniləməkdə davam edir. Cənub təmsilçisi son qalibiyyətini 11-ci turda “Rəvan” üzərində (1:0) əldə edib ki, bunun da üstündən 6 ay yarım vaxt keçib.

- “Ağ-yaşıllar” eyni zamanda ardıcıl 12-ci dəfədir ki, meydançanı başıaşağı tərk edirlər. Bölgə klubu sonuncu dəfə 23-cü turda “Qəbələ” ilə görüşdəki bərabərliyə sevinib.

- “Xəzər Lənkəran” həm də ardıcıl 12-ci qarşılaşmadır ki, meydançanın mərkəzinə dəvət edilir.

- Lənkəranlılar həmçinin doğma azarkeşləri önündə ardıcıl 8-ci məğlubiyyətlərini alıblar. Komanda 19-cu turdan (”Rəvan”la 0:0) sonra xal üzünə həsrət qalıb.

- Cənublular cari mövsümdə cəmi 2 ev qələbəsinə seviniblər. Bunlar da 1-ci turda “İnter”, 8-ci turda isə AZAL üzərində qazanılıb. Komanda bu mövsüm öz meyançasında keçirdiyi 18 ev görüşünün 14-də azarkeşlərini üzüb.

- Bütün bunların əvəzində “Xəzər Lənkəran” doğma arenasında 3 oyundan sonra qol vurmağa müvəffəq olub. Bununla komanda evdə qol sayını 9 edib.

- “Sumqayıt” ardıcıl 2-ci qələbəsini qazanıb.

- “Kimyaçılar” artıq 12 oyundur ki, qapısının toxunulmazlığını qorumaqda acizdir. Samir Abasovun yetirmələri axırıncı dəfə 23-cü turda Gəncədə “Kəpəz”in (0:0) qol vurmasına imkan verməyiblər.

- “Sumqayıt” 4 matçdan sonra səfərdə qələbə üzü görüb. Komanda buna qədər qonaq olduğu oyunların 3-də uduzub, 1-də heç-heçə etmişdi.

İki komandanın duelində...

- “Sumqayıt” artıq 5-ci oyundur ki, “Xəzər Lənkəran”a uduzmur. Cənublular bu 5 görüşün yalnız 1-də heç-heçə edə biliblər. Lənkəran təmsilçisi axırıncı dəfə ötən ilin aprelində qələbə üzü görüb.

- “Gənclik şəhəri” klubu ardıcıl 9-cu dəfə rəqibinin qapısına yol tapa bilib.

- Son 7 qarşılaşmada minimum 2 qol vurulub.

“Neftçi” - “İnter” 4:2

Bu mövsüm

- “Neftçi” ardıcıl 3-cü qələbəsini qazanıb.

- “Flaqman” məğlubiyyətsiz oyunlar seriyasını da 5-ə yüksəldib. “Bakılılar” sonuncu dəfə 30-cu turda “Qarabağ”a boyun əyiblər.

- “Bakcell Arena”da keçirdiyi son 4 oyunda cəmi 1 xal əldə edən Vəli Qasımovun yetirmələrinə “Əlincə” stadionu düşərli olub. Komanda burada ardıcıl 2-ci qalibiyyətini əldə edib.

- Paytaxt klubu ardıcıl 4-cü görüşdür ki, həm qol vurur, həm də buraxır. Maraqlıdır ki, bu 4 görüşün ən aşağı məhsuldarlıqla keçən görüşündə qapılara 3 top vurulub.

- “İnter”in 3 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

- “Bankirlər” son 5 səfər matçının yalnız 1-də qələbə qazana biliblər.

- Zaur Svanadzenin kollektivi ardıcıl 4 görüşdür meydançanı qol vurmadan tərk etmir.

İki komandanın duelində...

- “Neftçi” 4 oyundan sonra evində “İnter”ə qalib gələ bilib. Bu 4 görüşün 3-də heç-heçə qeydə alınıb.

- “Flaqman” son 11 qarşılaşmanın cəmi 2-də qalibiyyət üzü görüb.

- Ancaq digər tərəfdən “Neftçi”nin 3 matçdır “bankirlər”ə uduzmadıqlarını da qeyd edək.

- “Flaqman” düz 15 ildən sonra bir görüşdə rəqibinin qapısından 3-dən çox top keçirib.

- “Neftçi” axırıncı dəfə rəqib “Xəzər Universiteti” adlandığı zaman böyükhesablı qələbəyə sevinib.

“Qəbələ” - AZAL 2:0

Bu mövsüm

- “Qəbələ” çempionatdakı son 8 oyunda 4-cü qələbəsini qazanıb. Şimallılar digər 4 görüşün də 3-də rəqibləri ilə xalları yarı bölüblər.

- Roman Qriqorçukun yetirmələri evdə məğlubiyyətsizlik seriyasını 4 matça yüksəldiblər - 2 qələbə, 2 bərabərlik.

- “Qırmızı-qaralar” doğma azarkeşləri önündə keçirdiyi son 3 görüşün hamısında 2 qol vurublar.

- AZAL-ın meydançaya çıxdığı son 11 görüşün heç birində meydan sahibləri uduzmayıblar. Bunun 9-da qonaqlar xalsız yola salınıblar.

- “Təyyarəçilər” ardıcıl 5-ci səfərdən əliboş dönüblər. Komanda 24-cü turda “Xəzər Lənkəran” üzərindəki (1:0) qələbədən sonra qonaq olduğu bütün görüşlərdə məğlubiyyətlə barışıb.

İki komandanın duelində...

- “Qəbələ” 4 oyundan sonra, nəhayət ki, öz meydançasında qələbə qazana bilib. “Şimallılar” bununla 3 illik həsrətə son qoyublar.

“Zirə” - “Kəpəz” 2:2

Bu mövsüm

- “Zirə”nin qalibiyyətsizlik seriyası 5 matça yüksəlib. Axırıncı dəfə 30-cu turda “Xəzər Lənkəran”ı (1:0) məğlub edən debütant ondan sonrakı görüşlərin 3-də heç-heçə edib, 2-də məğlub olub.

- Adil Şükürovun kollektivi son 3 ev qarşılaşmasında ümumilikdə aktivinə 1 xal yazdıra bilib.

- “Kəpəz” 2 oyundur qalib gələ bilmir.

- Gəncəlilər son 6 qarşılaşmanın hamısında fərqləniblər.

- Şahin Diniyevin yetirmələri son 3 səfər matçında 7 xal toplayıblar.

İki komandanın duelində...

- Cari mövsümdən üz-üzə gələn komandaların duellərində “Zirə” hələ qələbə üzü görməyib.

- Meydan sahibi olan tərəf uduzmayıb.

- “Kəpəz” 4 görüşün hamısında rəqibi mərkəzə dəvət edə bilib.

- Bu turda olduğu kimi, ikinci dövrədə də Zirədəki qarşılaşmada 2:2 hesabı qeydə alınmışdı.

- Ümumiyyətlə, bu komandaların oyunlarında 2-dən az top vurulmayıb.

Ömər Məmmədova