şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ"ın 12 futbolçusu 6 ölkənin milli komandasına dəvət alıb - FOTO

06.09.2018 10:13 Oxundu 2708

"Qarabağ" klubunun heyətində yer alan futbolçulardan 12-si 6 ölkənin milli komandalarına dəvət olunub.

Cempion.az xəbər verir ki, bu oyunçular bütün mövqelər üzrədir. Dəvətlilərdən yarısı UEFA Millətlər Liqasında sentyabrın 7-də evdə Kosovo, sentyabrın 10-da isə səfərdə Malta ilə qarşılaşacaq Azərbaycan yığması üçündür. Onlar qapıçı Şahrudin Məhəmmədəliyev, mərkəz müdafiəçiləri Bədavi Hüseynov və Rahil Məmmədov, sağ cinah müdafiəçisi Maksim Medvedev, dayaq yarımmüdafiəçiləri Qara Qarayev və Coşqun Diniyev, eləcə də hücumçu Mahir Mədətovdur.

Daha bir qapıçı Hannes Halldorsson İsveçrə və Belçika ilə görüşlər səbəbindən İslandiya, sol cinah müdafiəçisi Ansi Aqolli İsrail və Şotlandiya ilə Millətlər Liqasının oyunları üçün Albaniya, pleymeker Simeon Slavçev isə Sloveniya və Norveçlə qarşılaşmalar üçün Bolqarıstan yığmasına çağırılıb.

Sol cinah yarımmüdafiəçisi Donald Gerrye Sen-Martenlə CONCACAF Millətlər Liqasının oyunu üçün Haiti, sağ cinah yarımmüdafiəçisi Con Delarj Zimbabve ilə Afrika Millətlər Liqasının qarşılaşması üçün Konqo millisinə dəvət alıb.

Beləliklə, "Qarabağ"ın dəvətlilərindən 4-3-3 təktiki sxemi üzrə və 2 qapıçıdan ibarət rəmzi heyət formalaşdırılıb.

Qeyd edək ki, hazırda Azərbaycanın əsas millisi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun, 21 yaşadək yığma isə klubun kapitanı Rəşad Sadıqovun rəhbərliyi altında təlim-məşq toplanışındadır.