çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Portuqaliyaya yaxşı nəticə üçün gedəcəyik" - "Qarabağ"ın qapıçısı

15.09.2018 11:45 Oxundu 2620

Qarabağ"ın qapıçısı Vaqner Silva Topaz Premyer Liqanın 4-cü turunda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Yeniavaz.com qol.az-a istinadən bildirir ki, braziliyalı qolkiper əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Əvvəldən oyunun gərgin olacağını və müəyyən hissələrdə rəqibin bizə çətinlik yaradacağını gözləyirdik. Bəzən meydanda istədiyin alınmır. Buna baxmayaraq, özümüzü qələbə münasibətilə təbrik edirəm. Əsas odur ki, çətin oyunda vacib qələbə qazandıq.

- Bir çox məqamda komandanı qoldan xilas etdiniz. Xüsusilə bir epizodda möhtəşəm seyvlə yadda qaldınız. Həmin anı necə şərh edərdiniz?

- Ümumiyyətlə, belə şeyləri fərdiləşdirmək istəməzdim. Udanda da, uduzanda da bunu komanda şəklində edirik. "Qarabağ" böyük komandadır. Hər kəs öz işini görməyə çalışır. Oyun ərzində qapıya 2-3 zərbə gəlir. Həmin anda hazır olmalıyıq.

- Sentyabrın 20-də Avropa Liqasının qrup mərhələsində "Sportinq"lə qarşılaşacaqsınız. Rəqibi nə dərəcədə tanıyırsınız? Hansı üstün və zəif tərəflərini bilirsiniz?

- Doğru qeyd etdiniz. Həqiqətən rəqibi yaxşı tanıyıram. Dəfələrlə onlara qarşı oynamışam. "Sportinq" mənə xoş anları xatırladır. Bu komanda ilə bağlı xoş xatirələrim var. 9 dəfə bu komandaya qarşı oynamışam və cəmi 2 matçda məğlub olmuşam. Çətin oyun olacağı şübhəsizdir. Amma biz səfərə ümidlə gedirik ki, yaxşı nəticə qazanaq.

- "Boavişta"da oynadığınız son mövsümdə 2 dəfə "Sportinq"lə qarşılaşmısınız və hər ikisində uduzmusunuz. Necə düşünürsünüz, "Qarabağ" bu komandaya qalib gələ bilərmi?

- Hər iki məğlubiyyət məhz son mövsümə düşüb. Səfərdə oynamağımıza baxmayaraq, qələbə qazanmaq şansımız var. "Sportinq" ölkəsinin ən güclü klublarından biridir. Bunu deməyə ehtiyac yoxdur. Eyni zamanda, "Qarabağ" Azərbaycanın ən böyük komandasıdır. Onlar da bunu bilirlər, məlumatları var.

- "Qarabağ"da rəqabət apardığınız qapıçı Hannes Halldorsson milli komandada 2 oyuna 9 top buraxıb. Hazırda onun psixoloji durumu elə də yaxşı deyil. Necə düşünürsünüz, baş məşqçi "Sportinq"lə oyunda kimə şans verəcək?

- Bunlar futbolda təbii şeylərdir. Halldorssonun belə vəziyyətlərdən çıxmaq üçün kifayət qədər təcrübəsi var. Bu gün onun başına gələnlər sabah istənilən qapıçının başına gələ bilər. Ona görə də belə məsələlərə qarışmaq istəmirəm. O ki qaldı kimin oynayacağına, bu haqda da düşünmürük. Əsas məsələ səfərdə qələbə qazanmaqdır.