Antalyada keçirilən şahmat üzrə Avropa Klub Kubokunda altıncı turun oyunları start götürüb.
Kişi şahmatçıların turnirində Azərbaycanın “Odlar Yurdu” və Rusiyanın “Qlobus” komandalarının görüşü heç-heçə başa çatıb – 3:3. Hər ikisi 9 xal toplayan bu komandalar turnirdə liderdirlər. Makedoniyanın “Alkaloid”, Rumıniyanın “Csm Baia Mare”, Rusiyanın “AVE Nový Bor” və “Mednıy vsadnik” komandaları hərəyə 8 xal toplayıblar.
Qadınların yarışında finişə iki tur qalmış “Odlar Yurdu” və Gürcüstanın “Chess Club NONA Батуми” komandaları hərəyə 8 xalla liderdirlər. Üçüncü yerdə 7 xalla “UGRA Chess Club” komandasıdır.
Cümə günü altıncı turda kişilərin oyununda “Alkaloid”-“Qlobus”, “Odlar Yurdu”-“Mednıy vsadnik”, “Csm Baia Mare”-“AVE Nový Bor”, “ШСМ-Legacy Square Capital”-“Beer Sheva Chess Club” və başqa qarşılaşmalar baş tutacaq.
Qadın şahmatçıların turnirində həmin gün “UGRA Chess Club”-“Odlar Yurdu”, “ШСМ-Legacy Square Capital”-“Chess Club NONA Батуми”, “Bossa Nova”-“Anatolia” və başqa matçlar keçiriləcək.
Altıncı tur çərçivəsində komandalarımızın heyətində çıxış edən şahmatçıların rəqibləri müəyyənləşib: “Odlar Yurdu”-“Mednıy Vsadnik” matçında Arkadi Naydiç-Petr Svidler, Rauf Məmmədov-Maksim Matlakov, Qədir Hüseynov-Vladimir Fedoseyev, Eltac Səfərli-Nikita Vityuqov, Nicat Abbasov-Maksim Rodşteyn və Azər Mirzəyev-Aleksey Qoqanov rəqabət aparacaqlar.
“UGRA Chess Club”-“Odlar Yurdu” oyununda Anna Uşenina-Zeynəb Məmmədyarova, Natalya Poqonina-Ülviyyə Fətəliyeva, Olqa Girya-Xanım Balacayeva və Baira Kovanova-Aydan Höcətova qarşılaşacaqlar.
(AZƏRTAC)