cümə, 29 mart 2024

BİZİM FUTBOL

Qara Qarayev: "İnanın ki, qarşıdakı iki oyunda qələbə qazanmaq üçün nəyimiz varsa, qurban verməyə hazırıq."

15.10.2018 11:40 Oxundu 2082

Azərbaycan yığmasının futbolçusu Qara Qarayev Malta ilə oyundan sonra
jurnalistlərin suallarını cavablandırıb. Cempion.az həmin müsahibəni sizə təqdim edir
- Malta ilə yenə eyni hesablı heç-heçəni uğursuzluq, yoxsa adi oyun kimi qəbul etmək olar?
- Düşünürəm ki, bu, Qurban Qurbanovun millinin baş məşqçisi olduğu dövrdəki ən yaxşı oyunlarımızdan biri oldu. Çoxlu sayda qol epizodu yaratdıq. 100 faizlik imkanlardan yararlana bilmədik. Rəqibin isə qapımız qarşısında bir epizodu oldu və fərqləndilər.
Fikrimcə, bu gün çox yaxşı oyun göstərdik. Bu tempi və oyunu digər matçlarda da göstərməliyik. Biz necə güclü komandalara qarşı müdafiə olunub xal əldə edə biliriksə, Malta yığması da bu gün onu edib 1 xal aldı. Oyunumuzu yaxşı qiymətləndirirəm. Amma əlbəttə, qələbə qazansaydıq, bu, daha yaxşı olardı.
- Növbəti oyunlarda qələbə qazanmaq mümkün olacaqmı?
- Milli komandaların oyunlarına klub oyunlarından daha ciddi hazırlaşırıq. Məqsədimiz rəqibləri məğlub edib maksimum xal qazanmaqdır. Bəzən yaxşı oynasaq da, bizdən asılı olmayan səbəblər üzündən istədiyimiz nəticəni qazana bilmirik. Növbəti ayın oyunlarında da əlimizdən gələni edib qələbə qazanmağa çalışacağıq.
- Düşünmürsünüz ki, azarkeşlər sizdən çox şey istəyir?
- Fikrimcə, bizdən nə qədər çox istəsəniz, o qədər yaxşı nəticə əldə etməyə çalışacağıq. Sizin bizdən yaxşı nəticə istəməyinizdə qəribə bir şey yoxdur.
- Cəbəllütariq millisinin Ermənistanı məğlub etməyi sizin üçün sürpriz oldumu?
- Yox, gözlənilməz deyildi. İndi bütün komandalar müdafiə olunub nəticə əldə edə bilir.
- Kosovonu səfərdə məğlub edə biləcəksiniz?
- Bu vədi vermək çətin məsələdir. Amma inanın ki, qarşıdakı iki oyunda qələbə qazanmaq üçün nəyimiz varsa, qurban verməyə hazırıq.