"Peşəmlə əlaqədar olaraq idmançılar, idman kollektivləri və bu sahə ilə məşğul olan insanlarla bağlı reportajlar hazırlayırdım. Mənim üçün ən maraqlısı o idi ki, Şirəli Şirəliyev mən "Neftçi" klubunda çıxış edərkən məşqçim olub. Futbol karyeramı bitirdikdən sonra mənə Azərbaycan futbolu və idmançıları ilə bağlı maraqlı faktlar söyləmişdi. Onu da xatırlatmaq istərdim ki, Şirəli Şirəliyev ölkəmizdə ilk futbol məşqçisi olub. 1949-cu ildə Bakının "Neftçi" komandası ilk dəfə güclülər dəstəsində çıxış edəndə kollektivin ikinci məşqçisi məhz Şirəli müəllim olmuşdu”.Tanınmış qapıçı, jurnalist Çingiz İsmayılov
Azərbaycanda məşhur futbolçularla bərabər, istedadlı məşqçilər ordusu da yetişib. Bu məşqçilər vaxtilə respublikamızda bir nömrəli komanda sayılan “Neftyanik”də işləyib, adlı-sanlı futbolçuların yetişdirilməsi üçün əllərindən gələni əsirgəmiyib. “Neftyanik”də yarandığı 1937-ci ildən indiyə qədər 50-dək məşqçi çalışıb. Bunlardan biri də yaşlı nəslin yaxşı tanıdığı Şirəli Şirəliyevdir. Əgər sağ olsaydı, Azərbaycanda futbolun 100 illiyini qeyd etdiyimiz vaxtda Şirəli müəllimin də 99 yaşı qeyd olunacaqdı. Lakin 29 ildir ki, istedadlı məşqçi və gözəl insan dünyasını dəyişib.
Şirəli Qulam oğlu Şirəliyev 1912-ci ildə Salyanda anadan olub. Kasıbçılıq 12 yaşlı gənci iş tapmaq məqsədi ilə Bakıya gətirib çıxarmıış və o, Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində işə düzəlmişdir. Şirəli futbolu çox sevdiyi üçün fabrikdə işləməklə bərabər futbol komandası da yaratmışdı. O, fabrikdə əvvəlcə özü kimi gəncləri toplayıb, məşqlərə başlamışdır. Sonra onun komandası Bakı yarışlarında qüvvəsini sınamışdır. O, fabrikdə işini qurtaran kimi tez məşqə qaçardı. Fabrikdə hamı onun xətrini istəyirdi. Onun yaratdığı futbol komandası öz gözəl oyunu, qələbələri ilə fabrik işçilərinin rəğbətini qazanmışdı. Onun oyunu futbol mütəxəssislərinin də gözündən yayınmamışdı. Şirəlini Bakının “Dinamo”, “Lokomotiv” komandalarına, sonra isə “Temp”ə dəvət etmişdilər. 30-cu illərin axırında o, “Temp”də Mirmehdi Ağayev, Vasili İkonnikov, Yevgeni Şaqarov və başqa adlı-sanlı futbolçularla oynamağa başlamışdı. 1939-cu ildə Şirəli Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuşdu.
Böyük Vətən Müharibəsi başlayanda Şirəli də bütün gənclər kimi vətəni qorumağa getmişdi.
Müharibə başa çatdıqdan sonra o, təhsilini davam etdirməklə yanaşı “Neftyanik” cəmiyyətinin futbol məktəbində məşqçilik fəaliyyətinə də başlamışdı.
Şirəli müəllim uşaqlarla məşğul olmağı daha çox sevirdi. Əlbəttə, onlarla işləmək o qədər də asan deyil. Bunun üçün hövsələli olmaq lazımdır. Hər bir məşqçi həm də pedaqoq olmalıdır. Bu keyfiyyətlər Şirəli Qulam oğlunda var idi. 1949-cu ildə Şirəlini ustalardan ibarət “Neftyanik” komandasına ikinci məşqçi kimi dəvət etmişdilər. Baş məşqçi isə komanda da Viktor Patseviç idi. Qeyd etmək lazımdır ki, onlar əks xarakterli idilər. Əgər Şirəli mülayim təbiətli, xoş xasiyyətli və xeyirxah bir insan idisə, Viktor tərs, tez özündən çıxan idi. Şirəli müəllim məşhur Amerika müğənnisi Pol Robsona oxşadığı üçün onu “Robson” deyə çağırırdılar. O, bundan heç inciməzdi. Şirəli müəllim fubolçular və futbol mütəxəssisləri arasında böyük hörmətə malik idi.
Şirəli müəllim bir müddət “Neftyanik”də və Gəncənin “Toxucu” komandalarında da baş məşqçi işləyib.
1962-ci ildə respublikada futbolun yaranmasının 50 illiyi münasibəti ilə keçirilən tədbirdə Şirəli Şirəliyevə Azərbaycanın Əməkdar məşqçisi adı verilmişdir. Sonra isə respublikamızın futbol ictimaiyyəti Şirəli müəllimin 50 yaşını təntənə ilə qeyd etmişdir. Həmin il istedadlı məşqçi “Azərbaycanın bədən tərbiyəçisi və idman xadimi” adına layiq görülüb.
Şirəli Şirəliyev ömrünün sonunadək “Neftçi” cəmiyyətinin futbol məktəbində usta idmançılar hazırlanması işində çalışıb.