04.02.2020 15:00
488


2 aylıq fasilədən sonra Premyer Liqamız qaldığı yerdən davam eləyir. Artıq 15-ci turun oyunları geridə qaldı. Ciddi mənada dəyişən heç nə yoxdur. Stadionlara yenə azarkeş gəlmir, “Neftçi” yenə “Sumqayıt” önündə aciz qalır, “Qarabağ” xal fərqini artırır, “Qəbələ” stabilliyin düsturunu tapa bilmir və s. “Keşlə” yaxşı mənada təəccübləndirməkdə davam edir. “Sumqayıt” “Neftçi”dən səfərdə xal alsa da 4-cü pillədəki yerini itirib 5-ə düşdü. Növbəti turda “Zirə”yə uduzsa işini bir qədər də çətinləşdirəcək. O ki qaldı “Sabah”a...
Sopiç hələ yeni gələndə onun “Sabah”a ciddi uğur qazandıracağına inanmadığımızı yazmışdıq. Çünki adamın bunu edəcək təcrübəsi və imici yoxdur. “Sabah” rəhbərliyinin hansı məntiqə əsasən bu addımı atdığını bilmirəm. Bildiyimiz odur ki, qarşısına ciddi hədəflər qoyan klub Ərəbistanda köməkçi məşqçi işləyən birinə sükan etibar etməz. Edəndə də sonu belə olur. Düzdür, hələ ki sona çatmamışıq. Ancaq hazırkı duruma görə gələcəklə bağlı indidən proqnoz vermək olar. “Sabah”ı hazırda 4-cü pillədə qərarlaşan “Zirə”dən 7 xal ayırır. “Zirə”nin növbəti turdakı uğuru və “Sabah”ın uğursuzluğu fonunda bu fərq 10-a yüksələcək ki, bu da ciddi fərq olacaq. Halbuki rəhbərlik qış toplanışı üçün yaxşı büdcə ayırdı, komanda Antalyada təlim-məşq toplanışı keçdi, yeni transferlər olundu. Amma “Zirə” ilə oyun tamam başqa şeyləri ortaya qoydu. Bir sözlə, bu gedişlə “Sabah”ın sabahı qaranlıq görünür.
Həftənin ilk günü daha bir sürpriz isə AFFA-nın kurasiyasında olan “Səbail”də yaşandı. Klubun icraçı direktoru Ramin Həsənov tutduğu vəzifəsindən azad olunub. Azad olunar-olunmaz da tezbazar “Sabah”da eyni vəzifəyə təyin olunub. Adamın yadına Kamran Quliyevin 1 saatın içində “Sumqayıt”dan götürülərək “Neftçi”yə prezident qoyulması düşdü. Hər şey bir yana, AFFA da öz “oyunundan” qalmır. Azərbaycan futbolunu şəxsi mülk, ata-baba varidatı kimi idarə eliyirlər...