
"Neftçi"nin qapıçısı Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Cempion.az xəbər verir ki, o əvvəlcə oyun haqqında fikirlərini bölüşüb:
- Bu gün qalib gəlmək istəyirdik. Yaxşı mübarizə apardıq. Yalnız qələbə çatmadı. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Baş məşqçiyə də çox sağ ol deyirəm ki, uzun müddətdən sonra mənə şans verdi.
- Ümumiyyətlə, qapı xəttində bu günkü dəyişiklik nə ilə bağlı idi?
- Düzü, mən bunu bilmirəm. Məşqçiyə aid bir sualdır.
- Sizcə, bu gün 2 xalı "Qarabağ" itirdi, yoxsa "Neftçi"?
- Biz oyuna həqiqətən də qələbə üçün çıxmışdıq. Futbolçularımız çox yaxşı, əzmkar mübarizə apardılar. Yenə deyirəm, sadəcə qələbə çatışmadı.
- Ancaq kənardan elə görünürdü ki, sanki komandalar 1 xala razıdır.
- Bunu deyə bilmərəm. Kənardan siz bizdən daha yaxşı görürsünüz.
- Roberto Bordinin gedişindən sonra sanki komandanın ab-havasında canlanma hiss olunur. Bununla razılaşırsınızmı?
- Bəli, razılaşıram.