çərşənbə axşamı, 29 aprel 2025

GÜLƏŞ

Güləşçimiz finalda

11.02.2020 23:04 Oxundu 427


Romada güləş üzrə Avropa çempionatı davam edir.
Cempion.az xəbər verir ki, yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
 

60 kq çəki dərəcəsində Murad Bazarov debütdə çətinliklə də olsa, italiyalı güləşçisi Yakopo Sandrona qalib gəlib. Ancaq o, 1/4 finalda məğlubiyyətdən qaça bilməyib.

67 kq-da İslambek Dadov təsnifat mərhələsində macar həmkarı Kristian İştvan Vança ilə görüşdə ilk hissəni 7:0 öndə tamamlasa da, fasilədən sonra zəif çıxış edərək məğlubiyətə uğrayıb.

72 kq çəkidə mübarizə aparan Ülvü Qənizadə Avropa çempionatına bolqar rəqibi Stoyan Stoyçev Jubatov üzərində inamlı qələbəyə sevinib. Amma 1/4 finalda 3 qat dünya çempionu, alman Frank Şteblerə qalib gəlmək mümkün olmayıb - 0:8.

82 kq-da tatamiyə çıxan Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçi Tirone Sterkenburqa çətinlik çəkmədən qalib gəlib - 8:0. O, 1/4 final mərhələsində İsveç idmançısı Boqdan Kurinnoyu 3:2 hesabı ilə məğlub edərək, adını yarımfinala yazdırıb. Azərbaycanlı güləşçi finala vəsiqə uğrunda görüşdə italiyalı Çiro Russo ilə qarşılaşıb. O, rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb. İdmançımız həlledici görüşdə boqarıstanı Daniel Tixomirov Aleksandrova qarşılaşacaq.

97 kq çəki dərəcəsində mübarizəyə qoşulan Orxan Nuriyev isə ilk görüşdə polşalı rəqibi Tadeuş Mixalikə 0:9 hesabı ilə uduzub. Mixalik növbəti mərhələdə məğlub olduğundan Nuriyev bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını itirib.

İlk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulub. Onlardan Sənan Süleymannov finala yüksəlib. 77 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda Zoltan Levai (Macarıstan) ilə qarşılaşacaq.

55 kq-da Eldəniz Əzizli və 87 kq-dakı İslam Abbasov bürünc medal uğrunda görüşə çıxacaqlar. Əzizlinin rəqibi Covanni Freni (İtaliya) olacaq. Abbasov isə bürünc medal uğrunda litvalı Eyvidas Stankeviçyusla yarışacaq.

Sabah Şəriəti (130 kq) zədə səbəbindən təsəlliverici görüşlərə qatılmayıb və medal şansını itirib. Taleh Məmmədov isə (63 kq) təsəlliverici qarşılaşmada Macarıstan idmançısı Erik Torbaya 3:9 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, fevralın 12-də gündüz seansında bu çəkilərdə təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçiriləcək.

 

60 kq

Təsnifat: Murad Bazarov - Yakopo Sandron (İtaliya) 2:1

1/4 final: Murad Bazarov - Gevorq Qaribyan (Ermənistan) 0:8

67 kq

Təsnifat: İslambek Dadov - Kristian İştvan Vança (Macarıstan) 7:8

72 kq

1/8 final: Ülvü Qənizadə - Stoyan Stoyçev Kubatov (Bolqarıstan) 6:1

1/4 final: Ülvü Qənizadə - Frank Ştebler (Almaniya) 0:8

82 kq

1/8 final: Rafiq Hüseynov - Tirone Sterkenburq (Niderland) 8:0

1/4 final: Rafiq Hüseynov - Boqdan Kurinnoy (İsveç) - 3:2

1/2 final: Rafiq Hüseynov - Çiro Russo (İaliya) 7:1

Final: Rafiq Hüseynov - Daniel Tixomirov Aleksandrov (Boqarıstan)
 

97 kq

Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (Polşa) 0:9