çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

“Kəpəz” rəsmisi: “Klubda heç bir maddi sıxıntı, problem yoxdur”

18.02.2020 17:23 Oxundu 727

Fevralın 16-da saytımızda I Divizionda çıxış edən "Kəpəz" komandasında şəraitin acınacaqlı olması barədə məlumat dərc edilmişdi. Məlumatda bildirilirdi ki, futbolçulara yemək verilmir, yerli futbolçular öz evlərində yemək yeyir, gəlmələrə isə yalnız qalmaq üçün yer verilir.
Bu xəbərlə əlaqədar olaraq “Kəpəz” klubunun mətbuat katibi Azad Mustafayev redaksiyamıza cavab məktubu göndərib.

Həmin məktubu təqdim edirik:
 
“Kəpəz”də futbolçulara yemək verilmir” başlığı ilə verilən xəbərdə klubun acınacaqlı vəziyyətdə olması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Bu gün klubda heç bir maddi sıxıntı, problem yoxdur. Heç bundan söhbət belə gedə bilməz! Əgər yadınızdadırsa, komandamız qış fasiləsi dövründə istərsə transferlərdə, istərsə də təlim-məşq toplanışı keçirməkdə digər rəqiblərindən aktivliyi ilə fərqləndi. Gəncə təmsilçisinin heyətini 7 futbolçu ilə gücləndirməsi və Bakıda toplanış keçməsi buna böyük sübutdur. Sizcə, çətin durumda olan klub bunu edə bilərdi? O ki, qaldı futbolçulara yeməyin verilməsinə, onu deyim ki, həm toplanış dövründə, həm də komandamız səfər oyunlarına çıxarkən bütün heyət qidalanma ilə tam təmin olunub və olunur da. “Kəpəz” səfər matçlarına bir gün öncədən yollanmaqla normal oteldə qalır və heyətin üzvlərinə gündə 3 dəfə yemək verilir. Həftəiçi keçirilən məşqlərə gəlincə, bəli, hazırlıqdan sonra komandaya yemək verilmir ki, bu da demək olar ki, bütün klublarda belədir. Oyunçular təxminən 2 saat davam edən məşqlərdən sonra yuyunur, sonra isə isti çay və şirniyatla təmin edilir”.