20.02.2020 15:34
462


Bu gün Bulvar otelində Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkilatçılığı ilə İdman Jurnalistlərinin Respublika Toplantısı keçirilib.
Tədbirə qurumun İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkənin bu sahədə çalışan KİV nümayəndələri, ayrı-ayrı idman qurumlarının mətbuat katibləri və veteran yazarlar qatılıblar.
Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasim AİJF sədri Qabil Mehdiyevin salamlama nitqi ilə davam etdirilib. Q.Mehdiyev İdarə Heyətinin ictimai əsaslarla və təmənnasız çalışdığını xatırladıb. O, idman mediasının ümumi maliyyələşmədən kənarda qalmasına diqqət çəkərək, bu düşüncənin dəyişməsinə çalışacaqlarını açıqlayıb. Sədr idman jurnalistikasının stimullaşdırılması üçün müxtəlif seminarlar və yazı müsabiqələri keçirəcəklərini söyləyib.
Tədbirdə veteran jurnalistlər adından Oqtay Bayramov, fəxri qonaq qismində qatılan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magist proqramının rəhbəri Den Meyson çıxış edərək AİJF-yə uğurlar arzulayıblar.
Daha sonra medianı narahat edən məsələlərin müzakirəsi başlanılıb. Çıxış edən KİV nümayəndələri, mətbuat katibləri və veteran jurnalistlər bu sahədə mövcud olan bir çox problemləri qaldırıblar. Onlar müxtəlif təkliflər də səsləndiriblər.