“Mahir Emreli kimi, digər futbolçularımızın da ölkə xaricinə çıxması çox yaxşı olar”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Polşa klubu “Legiya”ya keçidinə münasibət bildirərkən deyib.
Futbol funksioneri digər futbolçularımızın da legioner həyatı yaşamasını istəyir. Lakin o, bu məsələdə menecerləri günahlandırıb: “Hər dəfə iclaslarda deyilir ki, oyunçularımızın hansı yolla olur-olsun, legioner həyatı yaşamasına çalışırıq. Nə qədər çox oyunçu xaricə çıxsa, futbolumuz bir o qədər yaxşı inkişaf edər. Getmək istəyənləri də aparmağa menecer lazımdır. Ümumiyyətlə, bizdə menecer söhbəti yoxdur. Ancaq ölkə daxili üçün menecerlər var. Uşaqların başını aldadıb, səni filan yerə aparacağam deyərək, qol çəkdirirlər. Futbolçunu aparmaq üçün o menecerin xarici klublarla da əlaqəsi olmalıdır. Gedib danışmaq, oyunçunu təqdim etmək lazımdır”.
Qeyd edək ki, yay fasiləsində Azərbaycan millisinin üzvlərindən Mahir Emreli “Legiya”ya, Anton Krivotsyuk Polşanın digər təmsilçisi “Visla”ya (Plosk), Vüsal İsgəndərli isə Türkiyə klubu "Ankara Keçiörengücü"yə keçib.
BİZİM FUTBOL
Ramin Musayev: "Gedib danışmaq, oyunçunu təqdim etmək lazımdır”
04.07.2021 13:52
506