"Təxminən bir il sonra deyə bilərəm ki, işimizi çox böyütmüşük və bu yöndə də davam edirik. Bizim yığmada gördüyümüz əsas iş yerli mentaliteti təhrif etmədən məşqçi zehniyyətini buraya gətirməkdir. Ən böyük problem məhz bundan ibarətdir. Çünki burada ehtiras, iqtisadi imkanlar, düşüncələr, hətta böyümək arzusu var. Amma fərqli futboldur".
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazinin köməkçisi Alessandro Skayya ölkəsi İtaliya mətbuatına açıqlamasında deyib.
O, Azərbaycanın müsəlman ölkəsi olduğunu xatırladıb: "Ramazan ayında oruc tuturlar. Düzdür, futbolçuları öz klubları mütəmadi izləyir, amma bəzi vəziyyətlərə diqqət yetirməlisiniz. Məsələn, gün batana qədər su içmədikləri üçün susuzlaşma riski yaranır”.
Fiziki hazırlıq üzrə mütəxəssis Azərbaycan Premyer Liqasında 8 komandanın olması haqda da danışıb: “Mövsüm ərzində dörd dəfə üz-üzə gələn səkkiz komanda var. Bunun da böyüməsinə çalışırıq. De Byazi orada yaşayır və hər gün vəziyyəti izləyir. O, öz oyun fəlsəfəsini milli komandaya gətirir. Texniki cəhətdən çox fiziki baxımdan mentalitet formalaşmalıdır. Dil problemi daha azdır. Çünki ingilis dilində ünsiyyət qururuq. Düzdür, bu dili bilməyənlər də var. Bundan ötrü tərcüməçi çalışır".
O, Azərbaycanda futbolla bağlı gözəl şərait yaradıldığını vurğulayıb: "Təkcə Avro-2020-nin oyunlarının keçirildiyi Bakı Olimpiya Stadionuna baxsanız kifayət edər. Azərbaycan böyüyən ölkədir, həm pulları, həm də iradələri var. Bakı özünüzü yaxşı hiss etdiyiniz müasir şəhərdir”.
42 yaşlı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Portuqaliyaya qarşı səfərdə keçirdikləri matç barədə də fikirlərini bildirib: “Martda Portuqaliyaya qarşı Lissabonda oynamalı idik, lakin koronavirus pandemiyası səbəbindən bu mümkün olmadı. Kriştiano Ronaldo amili ilə Turində oynadıq Onu yaxından görmək fərqli, gözəl duyğu idi. Oyunda Ronaldonu yaxşı məhdudlaşdıra bildik, qol vura bilmədi. Yalnız avtoqol sayəsində qalib gələ bildilər”.
BİZİM FUTBOL
De Byazinin köməkçisi: "De Byazi hər gün vəziyyəti izləyir"
06.07.2021 11:19
463