şənbə, 30 noyabr 2024

BİZİM FUTBOL

Samir Abasov: "Xarakter hesabına qalib gəldik"

07.07.2021 22:30 Oxundu 477


“Cütün taleyi həll olunmayıb. Hələ ikinci oyun var”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.
O, Çempionlar Liqasının I təsnifat mərhələsinin “Dinamo” ilə səfər oyunundan (2:1) sonra matç barədə fikirlərini açıqlayıb: “Hiss edirdik ki, çətin matç olacaq. Çünki rəqib çempionatda hər matça qızıl xal kimi çıxıbsa, biz yoxlama görüşləri keçirmişik. Futbolçulara təşəkkür edirəm. Xarakter hesabına qalib gəldik. Bunu bacardıq. Hələ ikinci oyun var. Ciddi hazırlaşmalıyıq. Bakıda daha fərqli oynayıb mərhələ keçən biz olarıq”.
Abasov cavab görüşündə daha yaxşı oynayacaqlarını bildirib: “Görüləcək işlərimiz çoxdur. Yeni oyunçulara adaptasiya üçün vaxt lazımdır. İnanırıq ki, daha yaxşı olacaq. Bakıda çox şeyi dəyişməliyik. Burdakı oyun Bakıda keçərli deyil. Belə oynamamalıyıq. Biz göstərdiyimiz oyun yetərli olmayacaq. Topa daha çox nəzarət etməliyik. Sezar Meza Kolli bu gün üçün yaxşı oynadı. O, nə dərəcədə oyunçu olduğu səviyyəyə tez gəlib çatar”.
Mütəxəssis ilk yarıda oyunun alınmamasından şikayətlənib: “İlk yarıda beşli müdafiədən öndə oynayanlarda sanki bir az xaos var idi. Həddən artıq imkan verdik. İkinci hissədə bunun öhdəsindən gəldik. Çox şeyi dəyişməliyik”.
Abasov heyətdə çatışmazlıqlar olduğunu da gizlətməyib: “Bəzi mövqelər güclənməlidir. Bəzilərində heç rəqabət yoxdur. Bu gün Vojislav Stankoviç ayağını tutanda, biz başımızı tutduq. Həm müdafiə, həm hücumda güclənməliyik. Namiqin performansı bizi sevindirir. Qol vurduqca özünə inamı da artır. Yeni futbolçu gətirmək istəyirik. Amma elə oyunçular olub ki, onlarla danışmışıq lakin gəlməkdən imtina ediblər”.