cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Tərlan Əhmədov: “Qarabağ” bacarıb və davamını gətirmək lazımdır"

13.07.2021 12:48 Oxundu 437


“Neftçi”nin “Dinamo” ilə Gürcüstandakı oyunundan qələbə gözləyirdim. Çünki “Neftçi” artıq püxtələşmiş komandadır, bundan sonra zəif çıxış etməyə haqqı yoxdur”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov “ağ-qaralar”ın Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Tbilisi “Dinamo”suna qarşı səfərdə keçirdiyi oyun barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis sabiq komandasını ÇL-in qrup mərhələsində görmək arzusunu dilə gətirib: “Neftçi” Azərbaycanın avrokuboklarda qrupa düşən ilk komandasıdır. 7 ilə yaxın idi ki, çempionluq görə bilmirdi. Bu tilsimi qırıb çempion oldusa, daha çoxunu etməyə, qrupa düşməyə borcludur. Vaxtında bunu “Qarabağ” bacarıb və davamını gətirmək lazımdır. O ki qaldı “Dinamo” ilə ilk oyuna, birinci 15 dəqiqədə şok yaşadıq. Rəqibin yaratdığı ardıcıl qol epizodları müdafiədəki boşluqların nəticəsi idi. Cavab görüşündə bunun təkrarlanmasını istəməzdik”.
Tərlan Əhmədov “Neftçi”nin yeni transferləri Sezar Meza Kolli və Harramiz Soares haqda da fikir bildirib. O, xüsusən də, paraqvaylı yarımmüdafiəçinin paytaxt klubuna xeyir verəcəyinə inanır: “Meza Kollini uzun illərdir hamımız tanıyırıq. Mənim rəhbərliyim altında da oynayıb. Sezar çox texnikalı futbolçudur, fərdi oyuna üstünlük verir, oyun quruculuğu, topla rəftarı əladır. Nəticəyə təsir edəcək gücə sahibdir. “Neftçi”yə xeyir verə bilər. Amma bu komandada Emin Mahmudov, Sabiq Buqrin, Mamadu Kane kimi yarımmüdafiəçilər də var. Sezarın bu rəqabətdən qalib ayrılmağa gücü çata bilər. “Neftçi” elə komandadır ki, orada hər şey maksimum səviyyədə olmalıdır. Meza Kolli də Azərbaycan mətbəxinə, “Neftçi” adının nə məna kəsb etdiyinə bələddir. “Neftçi” adı özü motivasiyadır. Harramizin də topla rəftarı pis deyil. Onun komandanın fəlsəfəsinə uyğunlaşmasına zaman lazımdır. Harramiz haqda indidən nəsə demək çətindir”.
50 yaşlı veteran futbolçu “ağ-qaralar”ın transfer çalışmalarına da toxunub. Əhmədov klubun bu məsələdə gecikdiyini düşünür: “Neftçi”nin, xüsusən də, müdafiə xəttində kasadlıq var. Bunlar vaxtında həll olunmalı idi. Hər halda məşqçilər korpusu nəsə fikirləşir, vaxtları var. Ola bilsin komandaya birbaşa uyğunlaşacaq yaxşı transfer hədəfləri var. Amma dahi futbolçular belə, bəzən yeni keçdikləri klublarda problemlə üzləşirlər. Biz ümid edək ki, “Neftçi”nin yeni transferləri qısa müddətdə olacaq. Çünki komandanın qarşısında böyük məqsədlər var. Ayrılan 9 futbolçu fonunda cəmi 3 transfer azdır. Məncə, bu transferlər reallaşmalı idi. Görünür, danışıq aparılan futbolçuların, onların klublarının şərtləri uyğun gəlmir. Ancaq istənilən halda gecikmək olmaz. Xüsusən də, müdafiənin mərkəzinə və yarımmüdafiənin cinahlarına yeni oyunçular cəlb olunmalıdır. Həmçinin daha bir hücumçu alınmalıdır. Həm yerli, həm də əcnəbi oyunçular tapılmalıdır”.
Tərlan Əhmədov Premyer Liqa çempionunun cavab görüşündə işinin daha çətin olacağını proqnozlaşdırıb. O, II təsnifat mərhələsindəki potensial rəqib “Olimpiakos”un isə böyük klub olduğunu vurğulayıb: “Cavab görüşü “Neftçi” üçün çox ağır olacaq. Çünki “Dinamo” evdə məğlub olub, revanş almaq, mərhələni keçmək fikrində olacaq. Hazırkı məqamda şanslar bərabərdir. Amma “Dinamo” ilə müqayisədə növbəti mərhələdəki potensial rəqib “Olimpiakos” daha böyük klubdur, iddialı və təcrübəlidir. Yunanıstan çempionatının, “Olimpiakos”dakı futbolçuların səviyyəsi, büdcəsi böyük klub olduğunu göstərir. “Neftçi” “Dinamo”nu keçsə, daha ağır sınaq qarşısına çıxacaq”.
Qeyd edək ki, “Dinamo” üzərində Tbilisidə 2:1 hesablı qələbə qazanan “Neftçi” Gürcüstan klubunu sabah “Bakcell Arena”da qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.