cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Kaxaber Sxadadze: "Bizim qələbə çalmağa ümidimiz var"

13.07.2021 19:50 Oxundu 398

“Çoxdandır Bakıda olmuram. Azərbaycanda uzun müddət çalışmışam. Bakı mənim üçün ən gözəl şəhərlərdən biridir”.

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri Tbilisi “Dinamo”sunun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Neftçi” ilə Bakıda keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
- İlk oyun çox çətin oldu. Bilirəm ki, sabahkı matç da belə olacaq. Hər biriniz oyundan həzz alacaqsınız. Sabahkı oyunun daha çətin olacağını əminliklə deyə bilərəm. Çünki ilk oyunda komandalar bir-birinin zəif tərəflərini gördü. Sabah komandalar bu zəif tərəflərdən istifadə edəcəklər.
- 6 ildir Bakıdan çıxmısınız. Paytaxtımızda hansı dəyişiklikləri gördünüz?
- Sözsüz ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Təbii ki, mən bu dəfə daha böyük və gözəl Bakı gördüm.
- “Neftçi” təcrübə baxımından “Dinamo”dan üstün sayıla bilər. Hesab da rəqibin xeyrindəir. Bəs,“Dinamo”nun hansı üstünlüyünü söyləmək olar?
- Mən deyə bilmərəm ki, “Neftçi” bizim komandadan üstündür. Rəqib komandanın qapıçısı 8 qolumuzun qarşısını aldı. İki böyük səhvə yol verdik. Bu da məğlubiyyətimizə səbəb oldu. Sabah oyun daha gərgin keçəcək. İlk oyundakı səhvlərə yol verməyəcəyik. Biz artıq “Neftçi”nin zəif tərəflərini bilirik.
- UEFA səfər qolunu ləğv edib. Bu qərar indiki vəziyyətdə “Dinamo”ya necə təsir edə bilər?
- Burada bir problem görmürəm. Bizim qələbə çalmağa ümidimiz var. Bunu əminliklə deyə bilərəm.
- İlk oyunda “Neftçi”nin qarşısını ala bilmədinizsə, səhvlərə yol verdinizsə, hesabda 1:2 geridə olduğunuz halda rəqiblə necə bacaracaqsınız?
- Təbii ki, biz “Nefçi”nin zəif olduğunu demirik. Əlbəttə,“Neftçi” çox güclü komandadır. Amma ilk oyundakı məğlubiyyətimiz “Neftçi”nin güclü olmasından yox, bizim səhvlərimiz səbəbindən oldu. Sabahkı oyunda bu səhvlərə yol verməməyə çalışacağıq.
- Sabah oyunun keçiriləcəyi "Bakcell Arena" xatirinizdə necə qalıb?
- Çox tamaşaçı yerləşməsə də, futbol üçün ən komfortlu stadionlardan biridir. Bu stadion sırf futbol üçün nəzərdə tutulub. Çox stadionda olmuşam. Amma beləsini görməmişəm. Arena binaların arasında yerləşdiyindən futbolçular özlərini tam olaraq evlərindəki kimi hiss edirlər.
- Dediniz “Neftçi”nin zəif tərəflərini bilirik. Maraqlıdır, “Neftçi”nin zəif tərəfləri hansılardır?
- Biz rəqibin səhvlərini gördüyümüz kimi, onlar da bizim çatışmazlığımızı bildi. Təbii ki, sabah komandalar bundan istifadə etməyə çalışacaqlar. Buna görə də mən bu barədə danışmaq istəmirəm.