“Sabah bizim üçün çox xoş gündür. Azarkeşlərimizin tribunalara qayıtmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Həm futbolçularımızın, həm də azarkeşlərimizin adından çox sağ ol deyirəm. Bizim üçün möhtəşəm addımdır".
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”suna qarşı keçiriləcək cavab oyunu ilə bağlı danışarkən deyib.
Gürcüstanda 2:1 hesablı qələbə qazanan Azərbaycan çempionu sabah rəqibini “Bakcell Arena”da qəbul edəcək.
Matçdan əvvəl təşkil edilən mətbuat konfransında 43 yaşlı mütəxəssis məqsədlərinin mərhələ adlamaq olduğunu bildirib: “Sabahkı oyunun gərginliyi artıq hiss olunur. İndidən hansı ajoitajda oynayacağımızı hiss edirik. Necə komandaya qarşı oynayacağımızı bilirik. Onlar necə hazırlıqlı komanda olduqlarını göstərdilər. Gürcüstanda çempionat davam edir. Mövsümün də ortası olduğu üçün "Dinamo" tam hazırdır. Bunu Gürcüstandakı matçda hiss etdik. Oradan yaxşı nəticə ilə qayıtdıq. Amma nəticə ilə oyunumuz üst-üstə düşmədi. Artıq səfər qolu da aradan götürülüb. Buna arxalanıb sistemdə hansısa gedişlər edə bilərlər. Amma biz sırf oyunumuza arxalanacağıq".
- İlk oyunda tam istədiyiniz kimi oynaya bilməməyinizin səbəbi nə idi?
- İstənilən oyunçunun gedişi komandaya təsir edir. Sabahkı oyuna qədər bəzi bəhanələr keçərlidir. Oyunun içində bəzi anlarda cinah müdafiəçilərimiz matçdan qopdular. Harramiz ilk dəfə o mövqedə oynayırdı. Düzdür, qələbə qazandıq, amma bu qələbənin ləzzətini ala bilmədik. Amma sabah oyunumuzu dəyişməliyik.
- Azarkeşlərin tələbi transferlərdir. Bununla bağlı nə yeniliklər var?
- Transfer məsələsi çox çətin gedir. Nələr baş verir, nəsə deməyə çətinlik çəkirəm. Həddən artıq çox oyunçuya ehtiyacımız var. Xüsusən də, Çempionlar Liqası üçün çox mövqelər güclənməlidir. İndiki durum xoş hal deyil.
- Pul yoxdur, yoxsa futbolçular gəlmir?
- Pulun olub-olmadığı barədə cavab verə bilmərəm. Çünki pulu ayıran mən deyiləm. Amma bəzi oyunçularla danışıq aparmaq istəyəndə, səni "iqnor" edir, danışmaq istəmir. Transferlərlə bağlı bəzi düşüncələrim var. Çox əziyyət çəkirik. Oyunçu götürməkdə daha qətiyyətli olmalı, istədiyimiz futbolçuları almaq gücündə olmalıyıq. Onun yaxşı çıxıb-çıxmayacağını zamanın öhdəsinə buraxaq. Amma onları almaq gücündə olmalıyıq.
- "Qarabağ" son illər avrokuboklarda qrup mərhələsinə düşmək ənənəsini qoyub. Hazırkı "Neftçi" bu ənənəni davam etdirə bilərmi?
- Hazırkı "Neftçi" çox yaxşı vəziyyətdə deyil. Çempionlar Liqası bir röyadır. Ola da bilər. Amma olmamaq ehtimalı yüksəkdir. Avropa Liqası və ya Konfrans Liqası bu mərhələdə atdığımız addımdan asılı olacaq. Bütün bunlar transferlərdən asılıdır.
- Kaxaber Sxadadze iddialı açıqlama verdi, "Neftçi"ni keçmək gücündə olduqlarını söylədi. Bəs sizin həmkarınıza cavabınız nə olardı?
- Konkret deyirsən ki, dava edək (gülür). Cavabı sabah görərik.
- Deyirsiniz ki, gərginlik var. Bunun futbolçulara sirayət etdiyini düşünmürsüz?
- Dünənə qədər azarkeş yox idi, amma indi fərqlidir. "Forza"mız gələcək, futbolçuların dostları stadionda olacaq. Mən düşünürəm ki, bu gərginlik yaxşı haldır. Ən azı oyunçular məsuliyyət hiss edirlər.
- Müdafiə xəttində yerdəyişmə etmək fikriniz varmı?
- Müdafiənin mərkəzi təhlükəli mövqedir. Son Avropa çempionatında İtaliya yığmasını gördünüz. O cür təcrübəli oyunçular baş çıxarmaqda çətinlik çəkirlər. Biz əlimizdə olan bütün futbolçuları oynadırıq.
BİZİM FUTBOL
Samir Abasov: "Cavabı sabah görərik" - VİDEO
14.07.2021 12:17
436