cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

"Çukariçki"sinin futbolçusu: "Bunu meydanda sübut etmək lazımdır"

26.07.2021 18:38 Oxundu 400


"Sumqayıt"la oyunda qol imkanlarını əldən verdiyimiz üçün təəssüflənirik. Hesab edirəm ki, qələbəyə layiq idik. Çünki oyuna biz nəzarət edirdik. Topun qapıdan keçmədiyi matçlardan biri oldu".

"CEMPİON.AZ" xəbər verir ki, bu fikirləri Serbiya "Çukariçki"sinin futbolçusu Nikola Çoliç klubun rəsmi saytına açıqlamasında evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
19 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisindən daha yaxşı kollektiv olduqlarını bildirib: "Sadəcə, bunu meydanda sübut etmək lazımdır. Xeyli qol şansımız olsa da, soyuqqanlılıq çatmadı. Cavab matçında bunun öhdəsindən gələ və imkanlardan yararlana bilsək, problem olmayacaq".
Serbiyalı gənc oyunçu onları gözləyən çətinlikdən xəbərdar olduqlarını söyləyib: "Bizi nə gözlədiyini, uzaq məsafə qət edəcəyimizi və Azərbaycandakı hava şəraitinin necə olduğunu bilirik. Amma hər şeyə hazırıq. Sakitcə qarşıdakı oyuna köklənirik. İnanıram ki, bizi heç nə təəccübləndirə bilməz. Hazırda bütün diqqətimiz avrokuboklara yönəlib. İlk görüşdəki səhvlərimizi düzəltməliyik. Bizə daha çox konsentrasiya lazımdır. Yalnız bu oyundan sonra potensial rəqiblərimiz barədə düşünə bilərik".
Qeyd edək ki, iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq.