cümə, 29 noyabr 2024

DİGƏR NÖVLƏR

TOKİO-2020-də Azərbaycana ilk medalı qazandıran Kindzerska kimdir?

30.07.2021 17:04 Oxundu 490

Tokio-2020-də Azərbaycana ilk medal qazandıran İrina Kindzerska ukrayna əsilli milliləşdirilmiş cüdoçdur.

"CEMPİON.AZ" xəbər verir ki, Kindzerska 2017-ci ildən etibarən beynəlxalq yarışlarda ölkəmizi təmsil edir. Cüdoçu 1991-ci ildə Ukraynanın Xmelnitski vilayətində dünyaya gəlib. Əvvəllər ölkəsini təmsil etsə də sonradan Azərbaycan millisinin heyətinə qoşulub. Qadın cüdoçunun həyat yoldaşı keçmiş cüdoçu Həmid Əliyevdir. 
Kindzerska Azərbaycan millisinin tərkibində uğurlara nail olub. Xanım cüdoçu 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunlarında gümüş medal qazanıb. Həmçinin eyni ildə dünya üçüncüsü də olub. 
2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında ilk 3-lükdə yer alıb. Ötən il keçirilən Avropa Çempionatında gümüş medal qazanaraq ikinci pillədə yer alıb. 
Kindzerska “Olimpiya dünyası” qəzetində verdiyi müsahibədə Azərbaycanın Vətən müharibəsində qələbə qazandığına görə xoşbəxt olduğunu deyib: “Azərbaycanın qazandığı bu tarixi qələbə məni həqiqətən də sevindirdi. Həyat yoldaşımla birgə qələbə xəbərini eşidəndə çox kövrəldik. Bildiyiniz kimi, mənim həyat yoldaşım azərbaycanlıdır. O, mənə Azərbaycanın tarixi, əzəli torpaqları, həmçinin doğulduğu Cəbrayıl rayonu barədə çox məlumat verib. Mən bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm və Azərbaycanın günü-gündən daha da çiçəklənəcəyinə inanıram. Arzu edirəm ki, Olimpiya Oyunlarının qələbə sevincini Cəbrayılda qeyd edim”.