Heyətini gücləndirməkdə davam edən “Qarabağ” hücum xəttindəki problemin həllinə çalışır.
"CEMPİON.AZ" xəbər verir ki, Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi yenə sabiq oyunçularına maraq göstərir.
Riçard Almeyda və Ramil Şeydayevdən sonra növbəti eks-“Qarabağ”lı Samuel Armenteros da Azərbaycana qayıda bilər. Ötən ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fucayra” klubuna keçən İsveç millisinin sabiq üzvü ilə təmas qurulub. 31 yaşlı forvard Avropaya qayıtmaqda maraqlı olsa da, həm klubu ilə müqaviləsinin davam etməsi, həm də yüksək maaş tələbi keçidin baş tutmasına maneə törədir.
Hücum üçün alternativlərdən biri də digər keçmiş “Qarabağ”lı Pedro Enrikedir. “Kayserispor”u yenicə “Sivasspor”a dəyişən braziliyalı üçün Super Liqa təmsilçisinə təklif göndərilib. Ağdamlılar “Sivasspor”la 3 illik müqavilə imzalayan 31 yaşlı “sambaçı”nı icarəyə götürmək niyyətindədir.
“Qarabağ”ın hücumçu transferində yubanmasının səbəbi məhz adıçəkilən oyunçularla maliyyə məsələsində hələlik ortaq məxrəcə gələ bilməməsidir. Baş məşqçi Qurban Qurbanov həmçinin digər variantları da nəzərdən keçirir.
Qeyd edək ki, Samuel Armenteros 2015/16, Pedro Enrike isə 2017/18 mövsümünü “Qarabağ”da keçirib.
BİZİM FUTBOL
"Qarabağ" sabiq hücumçularını qaytarmaq istəyir
04.08.2021 17:22
445