cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Qurban Qurbanov: "Belə komandalara qarşı oynamaq maraqlı olub"

05.08.2021 09:21 Oxundu 441


“Çox maraqlı bir komandaya qarşı oyuna hazırlaşırıq. Bu komanda gənc heyətə malikdir”.

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
49 yaşlı mütəxəssis Konfrans Liqasının III təsnifat mərhələsinin AEL-lə Kiprdə keçiriləcək ilk oyununa həsr olunan mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb: “Rəqibin fərdi ustalıq səviyyəsi yüksək olan futbolçuları var. Bununla bərabər kollektiv oyuna həddən artıq üstünlük verirlər. Düşünürəm ki, mənim üçün həmişə belə komandalara qarşı oynamaq maraqlı olub. Çünki belə oyunlarda daha çox düşünmək, daha diqqətli olmaq, futbolçuların məsuliyyətli yanaşması lazımdır. Bugünlərdə rəqibi futbolçularımıza maksimum tanıtmışıq. Həm ayrı-ayrı oyunçuları, həm komandanı, hər bir detalı futbolçulara çatdırmağa çalışmışıq. Sabahkı oyuna tam hazırdırlar. Həmişə olduğu kimi ən yaxşısını etməyə çalışacağıq”. 
O bildirib ki, hər iki yeni transferlərinin sənədlərini UEFA-ya göndəriliblər: “Sadəcə Riçard Almeydanın hazırlığı daha yaxşıdır, nəinki Qaspar Panadero Zamoranın. Onun qarşıda oyuna hazırlaşmağa bir həftə vaxtı olacaq. Fiziki durumunu, hazırlığını həkimlər, məşqçilərlə müzakirə edəcəyik. Əgər bu görüşdə onun sağlamlığı üçün təhlükə gözlənilməsə, oynamaq ehtimalı var. Ən azı bir neçə dəqiqə də olsa. Amma Riçardın hazırlığı daha yaxşıdır”.
Qeyd edək ki, sabah Limassoldakı “AEK Arena”da keçiriləcək AEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.