cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Duşak Kerkez: "Bu gün bizə qarşı heç bir hörmətsizlik olmadı"

13.08.2021 10:16 Oxundu 456

“Növbəti mərhələyə adlaması münasibətilə "Qarabağ"ı təbrik edirəm. Güclü rəqibə qarşı oynamağa çalışdıq. Futbolçularımı əzmkarlığa görə təbrik edirəm".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri AEL-in baş məşqçisi Duşak Kerkez Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la cavab oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib. O, Ağdam təmsilçisinə uduzaraq, turnirdə mübarizəni dayandırmaqlarını belə şərh edib: 
"Nəticə məni qane edə bilməz. Amma biz göstərdik ki, büdcə baxımdan özümüzdən 5-6 dəfə güclü komandalara qarşı oynamağa qadirik. Stadionda azarkeşlərin yaratdığı atmosferdən razıyam. Ümid edirəm ki, pandemiya dövrü tezliklə başa çatacaq və bütün oyunlarda belə atmosfer görəcəyik. Məğlubiyyətə görə üzülürük, mərhələ adlaya bilməmişik. Bütün rəqiblərə hörmətlə yanaşaraq, hər matça qələbə qazanmaq üçün çıxırıq. Bir neçə günlük istirahətdən sonra çempionat oyununa hazırlaşacağıq".
Kerkez ilk oyunda Kiprdə yerli azarkeşlərin Qurban Qurbanova qarşı hörmətsizliyindən də danışıb:
"Qurbanovu "Qarabağ"da 13-cü ili başa vurması münasibətilə təbrik edirəm. Bu, çox yaxşı ənənədir. Futbol emosiyalar oyunudur. Baş verənləri yaxşı qarşılamıram. Amma siyasəti futbola qarışdırmaq da istəmirəm. Bu gün bizə qarşı heç bir hörmətsizlik olmadı".
Qeyd edək ki, komandalar arasında ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. "Qarabağ" ümumi hesabda 2:1 qalib gələrək mərhələ adlayıb.