cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Samir Abasov: "Buradan gedənlər "Neftçi"ni itirdi deyə dərd etməlidir"

15.08.2021 22:51 Oxundu 549


"Çempionatın açılış oyunu idi. Bundan artığını gözləmirdik".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 1-ci turunda evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
O, son günlər komandada nikbinliyin çatışmadığını bildirib: "Dörd gün sonra vacib matça çıxacağıq. Uşaqlar əllərindən gələni etdilər. Bəzilərinə həddindən artıq yük düşür. Amma bunun qarşısını ala bilmirik. Yaranmış vəziyyətlə bağlı nikbinliyimizi də itirmişik. Konfrans Liqasında İsrailin "Makkabi" klubuna qarşı yaxşı oynamaq niyyətindəyik. Oyunçular sağ olsun, bu gün əllərindən gələni etdilər".
43 yaşlı mütəxəssis komandasının səhvlərə çox yol verməsini belə izah edib: "Makkabi" ilə oyunun necə olacağını heç kim bilmir. Meydandakı bəzi səhvləri yorğunluqla da əlaqələndirmək olar. Hazırlığımız da o səviyyədə deyil. "Makkabi" HİK və "Qəbələ" deyil. Heç kim bu ifadədən inciməsin. Bu səhvlər olmamalıdır. Futbolda belə hallar baş verir. Çalışacağıq ki, növbəti qarşılaşmalarda bunlar yaşanmasın. Eyni oyunçularla müdafiə olunanda səhvlər də qaçılmazdır".
S.Abasov futbolçuların durumu ilə bağlı deyib: "Bu gün Emin Mahmudov yorğun vəziyyətdə oynadı. Sabir Buqrində hərarət var idi. Vəziyyəti çox pis oldu. Səbəblər məlumdur. Məndən yaxşı bilirsiniz. Üzüldüyümüz məqam odur ki, HİK-lə oyundan sonra bəzi oyunçularımızın üstünə düşdülər. Bunlar hazırkı dönəmdə haqsızlıq idi. Hər şeyə vicdanla qiymət verənlər başa düşür ki, biz əlimizdən gələni etməyə çalışırıq".
S.Abasov Türkiyənin "Bursaspor" klubu ilə müqavilə imzalayan Namiq Ələskərov haqda da danışıb: "Əsas heyətdə yer alan futbolçunun bu durumda getməyi bizə böyük zərbə oldu. "Neftçi" klubu heç kimi itirmir. Bu Namiq Ələskərov və Samir Abasov ola bilər. Buradan gedənlər "Neftçi"ni itirdi deyə dərd etməlidir. Gedənlər fikirləşməlidir ki, bu cür komandanı itirdim. Bu gediş aylarla davam edən proses idi. Oyunçu qərar verdi və getdi. HİK-lə səfər oyunundan əvvəl yaxınlaşdı və dedi ki, getmək istəyirəm. Biz də dedik ki, qərar vermisənsə, çıx get".
Abasov uğursuz nəticələrin fonunda zərbənin 100 faiz baş məşqçiyə dəyəcəyini də etiraf edib: "Daim belə şeylər olur. Birinci dəfə deyil".