cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Kamran Quliyev: "Namikə hər zazaman dəstək olmuşuq"

18.08.2021 16:40 Oxundu 463


"Namiki 14 yaşından tanıyıram. Bunu çox adam bilmir. Federasiyada işləyəndə Ələskərov Təbriz Həsənovun başçılığı altında yığmada çıxış edirdi. Həmin vaxt "Bakı"nın aşağı yaş qruplarında oynayırdı. Zədələri olurdu, hətta Almaniyaya da göndərmişdik".

"CEMPİON.AZ" xəbər verir ki, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasına müsahibəsində Namik Ələskərovun Türkiyənin "Bursaspor" komandasına keçidi ilə bağlı yaranmış qalmaqal barədə danışarkən deyib.
Funksioner bildirib ki, Ələskərov artıq uşaq deyil: "Özünün övladı var. Hər ikimiz bir-birimizi yaxşı tanıyırıq. Mən "Neftçi"yə yeni gələndə Namikin baş məşqçi ilə müqavilə barəsində problemləri var idi. Bütün bunlara baxmayaraq, onun başqa kluba getməyinə imkan vermədik. Çünki o da komandaya xeyir verdi. Namikə hər zazaman dəstək olmuşuq. Ötən mövsüm Ələskərovun karyerasının zirvəsi idi".
Quliyev 26 yaşlı yarımmüdafiəçinin gedişinə insan olaraq, heyfisləndiyini söyləyib: "Klub prezidenti kimi isə bunu qəbul edə bilmirəm. Çünki qarşımızda nə qədər böyük işlər var idi. Deyirlər ki, futbolçuya yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə təklif olunmayıb. Bu, tamamilə yanlış informasiyadır. Gəlin statistikaya baxaq. Elə mövsüm olub ki, Namik cəmi 1 qol vurub, yaxud da çox az oynayıb. Buna baxmayaraq, "Neftçi" öhdəsinə düşən hər şeyi edib".
Klub prezidentinin sözlərinə görə, bu ilin fevralında futbolçuya uzunmüddətli müqavilə təklif olunsa da, o, bunu qəbul etməyib: "Ötən mövsümün qış fasiləsində Bakıda təlim-məşq toplanışında idik. Həmin vaxt Namikə kifayət qədər cəlbedici təklif etdik. Müqavilə uzunmüddətli idi və ildən-ilə maaşın artırılmasını nəzərdə tuturdu. Sözləşmə tək puldan ibarət deyil. Orada müxtəlif bəndlər olur. Müəyyən şərtlər var ki, onları hər futbolçu üçün nəzərdə tuturuq. Amma Ələskərov həmin şərtlə razılaşmadı. Çünki müqavilə uzunmüddətli idi və o, həm futbolçuya, həm də bizə üstünlük verirdi. Hər detalı razılaşdırmışdıq. Sadəcə, bir bəndlə bağlı anlaşa bilmədik. Amma həmin bəndi açıqlamayacağam".
Quliyev Ələskərovla bağlı hələ qışda bəzi təkliflər gəldiyini etiraf edib: "Aprel və may aylarında da mənə zənglər gəlirdi. Futbolçunun müqaviləsindəki "50 min avroya sərbəst qala bilər" maddəsi bizə ilk gəldiyi gündə var idi. Biz özümüz stimullaşdırırıq ki, futbolçularımız ölkə xaricinə gedib, yaxşı liqalarda çıxış etsinlər. Bu bənd orada olmalı idi, ya yox, bu, başqa mövzudur. Müqaviləyə qol çəkiriksə, üzərimizə məsuliyyət götürürük. Amma gəlin, kağız üzərində olanlarla danışmayaq. İşin mənəvi tərəfi də var. Məsələn, bizim digər futbolçumuz Anton Krivotsyuk bu il Polşanın "Visla" (Plotsk) klubuna getdi. O da bizim yetirməmiz sayılır, 15 yaşından "Neftçi"də çıxış edirdi. Keçən ilin yayında ona yeni müqavilə təklif etdik. Dedi ki, bir ildən sonra gedirəm, mənim yerimə yeni futbolçu tapın. Bizə düz 1 il vaxt verdi".