“Oyunun təzyiqindən çıxmamışıq. Bu qədər qol vurulursa, azarkeşlərə də zövq verir”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.
43 yaşlı mütəxəssis Konfrans Liqasının “Makkabi” (Hayfa, İsrail) ilə pley-off mərhələsindəki ilk görüşündən sonra mətbuat konfransına qatılıb. O, 3:3 hesabı ilə başa çatan matçı dəyərləndirib: “Məqsədimiz o idi ki, özümüzə inanaq. Çox qaçaq, vursaq, inanaq. İsraillilərin necə oynayacağını öncədən bilirdik. Oyuna görə plan qurmuşduq. İlk hissə sönük keçdi. Rəqibin belə mübarizə aparacağını bilirdik. İkinci hissədəkini ilk yarıda edə bilməməyimiz isə onunla bağlıdır ki, son nöqtəni, son ötürməni verə bilmədik. Fasilədən sonra istəyimiz alındı və üç qol vurduq. Üstünlüyü qoruya bilmədik. Amma pozitivik. Futbolçulara təşəkkür edirəm. Hər şey 0:0-dan başlayacaq. İndi çempionat oyununa hazırlaşacağıq”.
Abasov bəzi anlarda oyunun alınmamasını belə izah edib: “Biz 17 dəqiqədə etdiyimizi ilk hissədə də gerçəkləşdirə bilərdik. Sanki nəsə çatışmırdı. Müəyyən qırılma nöqtələri olurdu. Biri saxlamalı, digəri hücuma keçməli idi. Amma alınmırdı. Oyunun gedişi, şanssız buraxdığımız qol bizi sındırmadı. Təşəbbüsü ələ aldıq, özümüzə inam gəldi. Bu inamdan sonra bəzi şeyləri dəyişdik. Eyni planı daha keyfiyyətli şəkildə gerçəkləşdirdik. Futbolçulara inanırıq. Bu 17 dəqiqə gələcəkdə daha uzun olar”.
BİZİM FUTBOL
Samir Abasov: "Şanssız buraxdığımız qol bizi sındırmadı"
19.08.2021 23:31
425