cümə axşamı, 28 noyabr 2024

BOKS

Ukraynanı təmsil edən azərbaycanlı boksçu Avropa çempionu oldu - FOTOLAR

22.08.2021 12:24 Oxundu 698

Tokio 2020 Olimpiya Oyunlarında Ukraynanın aktivinə gümüş medal yazdıran Pərviz Nəsibovdan sonra daha bir həmyerlimiz öz uğuru ilə bizi sevindirdi. 
Bu haqda məlumatı "CEMPİON.AZ"a Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov verib. Bosnya Hersoqovinanın Sarayevo şəhərində keçirilən yeniyetmələrin boks üzrə Avropa çempionatında Vasif Kərimov qızıl medal qazanıb. 46 kq çəki dərəcəsində İtaliya, İsrail, Ermənistan və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu olan Kərimov Xarkov şəhərində yerləşən “Atom” idman klubunun yetirməsidir. 
Donetsk vilayətindən olan həmyerlimiz Vidadi Zeniyev isə 44 kq çəki dərəcəsində gümüş medal qazaıb. 
63 kq çəki dərəcəsində mübarizə aparan digər həmyerlimiz, Odessa «Левша» idman klubunun yetirməsi Kərim Hüseynov isə üçüncülüklə kifayətlənməli olub. Məşqçi Nurəddin Əlibəylinin sözlərinə görə Kərim qələbəni son anda əldən verib. “Gələn yarışlara daha ciddi hazırlaşıb qızıl medal qazanacağıq” deyən Əlibəyli öz növbəsində Vasif Kərimovu və Vidadi Zeyniyevi təbrik edib. 
25 ölkədən 274 boksçunun mübarizə apardığı 2021 Avropa çempionatında Ukrayna ümumi hesabda 23 medal (7 qızıl, 9 gümüş və 7 bronz) qazanaraq Rusiyadan sonra ikinci olub.
Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov UAR həmtəsisçiləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini Avropa çempionuna, atası Knyaz Kərimova və məşqçisi Oleq Aleksandroviçə çatdırıb. “Bu həmyerlimizdən Ukraynanın müstəqillik gününə anlamlı bir hədiyyədir” deyən baş katibin verdiyi məlumata görə sentyabr ayının 20-də uğur qazanmış idmançılarla UAR Kievdəki ofisində görüş keçirilməsi planlaşdırılır.  
Xatırladaq ki Avropa çempionu olan Vasifin qardaşı Asif Kərimov da bokscudur və 6 sentyabrda başlayacaq Ukrayna çempionatında birincilik uğurunda mübarizə aparacaq.